“Rebuild Karabakh” sərgisində Qarabağın yol infrastrukturu layihələri barədə məlumatlar verilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ ərazisinin işğaldan azad edilərək geri qaytarılması və fəal şəkildə bərpa olunması ilə əlaqədar olaraq, Bakı Ekspo Mərkəzində təşkil olunan 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” “Rebuild Karabakh” sərgisində iştirak edib.
AZƏRTAC xəbər verir ki, Dövlət Agentliyinin sözügedən sərgidə quraşdırılmış xüsusi pavilyonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələri, gələcək planlar və yeniliklər barədə ətraflı məlumatlar verilib.