Region gəncləri tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidələr ziyarət olunub. Eyni zamanda, gənclər şəhidlərimizin məzarlarını da ziyarət edib, üzərlərinə gül dəstələri düzüblər.
Sonra anım gününə həsr edilmiş görüşlər keçirilib. Tarixçilər və faciə şahidlərinin iştirak etdiyi görüşlərdə Xocalı həqiqətlərindən bəhs olunub, bu dəhşətli faciənin soyqırımı kimi dünyada tanıdılmasında gənclərin üzərinə düşən vəzifələrdən danışılıb.
Tədbirlərdə gənclərin Xocalı soyqırımı ilə əlaqədar hazırladıqları tamaşa təqdim edilib, Qarabağ mövzusunda filmlər nümayiş olunub.