Regional və qlobal sülhə, təhlükəsizliyə töhfə verən Lider VİDEO
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və strateji əməkdaşlıq münasibətləri yeni, tarixi mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın qarşılıqlı səfərlərinin dinamikliyi əlaqələrimizin yüksələn xətlə inkişafından xəbər verir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ münasibətləri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib.
Birləşmiş Ərəb Əmirlikləri hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. Həmçinin, bu ölkə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesində neytrallıq nümayiş etdirərək hər iki ölkə liderinin ötən ilin iyul ayında baş tutan ikitərəfli görüşünə ev sahibliyi edib.
Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülənlər arasında Prezident İlham Əliyevin yer alması da təsadüfi deyil. Çünki Azərbaycan lideri təkcə müharibədə yox, diplomatik danışıqlardan da qalib çıxdı. Vətən müharibəsində əldə olunan tarixi Qələbədən sonra Azərbaycan sülhün təşəbbüskarı kimi çıxış etdi. Bu, dünyada nadir rast gəlinən bir nümunədir. Uzun illər işğala və haqsızlığa, beynəlxalq arenada ikili standartlara məruz qalan bir ölkə tarixi ədaləti öz gücü hesabına bərpa etdi və qarşı tərəfə sülh əlini uzatdı.
Şeyx Zayed Fondunun yaradılış fəlsəfəsinin əsasında dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqi dayanır. Fondun “Zayed İnsan Qardaşlığı Mükafatı” da məhz dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilir. Bu aspektdən də, İlham Əliyevin sözügedən mükafata layiq görülməsi Azərbaycan Prezidentinin sülh gündəliyinin dünya tərəfindən təqdir olunmasıdır.
İlham Əliyev hər zaman sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində təşəbbüslərlə çıxış edib. Azərbaycan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisçi üzvlərindəndir. Bu nöqteyi-nəzərdən də, Prezident İlham Əliyevin sözügedən mükafata layiq görülməsi həm də, Azərbaycan liderinin şəxsən sülhə, insan qardaşlığına və qlobal sabitliyə verdiyi töhfələrin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir.
Prezident İlham Əliyevə ən böyük və əvəzolunmaz mükafatı isə xalq özü verib. O Azərbaycan xalqı üçün Xilaskar, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, xalq və dövlət qarşısında duran ən mühüm məsələlərin uğurlu həllinə nail olmuş, ölkəmizi qətiyyətlə gələcəyə doğru aparan, ən yüksək zirvələri fəth etmiş Liderdir.