Regionlarda toksikoloji və allerqoloji xidmətlər təkmilləşdirilir
Bakı, 3 may, AZƏRTAC
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə regionlardakı tibb müəssisələrində toksikoloji və allerqoloji xidmətlərin təkmilləşdirilməsi üzrə layihələr həyata keçirilir.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, “Regionlarda toksikoloji və allerqoloji xidmətlərin təkmilləşdirilməsi” layihəsi çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin həkim-mütəxəssislərindən ibarət Koordinasiya qrupu yaradılıb.
TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin təşkilatçılığı, Koordinasiya qrupunun üzvlərinin iştirakı ilə Gəncə və Tovuz şəhərlərinə səfər təşkil olunub.
Səfər zamanı Gəncə, Goranboy, Göygöl, Samux, Daşkəsən, Naftalan, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəydəki tibb müəssisələrində çalışan təcili tibbi yardım stansiyalarının həkimləri, həkim-anestezioloq-reanimatoloqlar, həkim-terapevtlər, həkim-pediatrlar üçün seminarlar keçirilib.
Seminarlar ilan dişləməsi, uşaqlarda qida allergiyası, dərman zəhərlənməsi, toksik epidermal nekroliz, anafilaktik şok, narkotiklərin sui-istifadəsi, alkoqolla bağlı təcili hallar mövzularını əhatə edib.
Seminarlar interaktiv müzakirələrin aparılması ilə davam etdirilib.