REGİONUN SABİTLİYİNDƏ AZƏRBAYCANIN MÜHÜM ROLU VAR
AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Macarıstan parlamentinin sədri xanım Katalina Sili ilə görüşmüşdür.
XİN-in mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan və Macarıstan arasında münasibətlərin çoxsahəli cəhətləri vurğulanmış, parlamentlərarası əlaqələrin inkişafı müsbət dəyərləndirilmişdir. Həmçinin qarşılıqlı yüksək səviyyəli səfərlər xatırlanmış, iqtisadi məsələlər üzrə birgə komissiyanın iclasının təşkili alqışlanmışdır.
Xanım K.Sili Azərbaycanın regionun sabitliyində mühüm rolunu vurğulamış, enerji layihələrinə toxunaraq, Macarıstanın enerji mənbələrinin və tranzit marşrutlarının müxtəlifliyində maraqlı olduğunu söyləmişdir.
Bölgədəki enerji dəhlizlərinin təhlükəsizliyinin də diqqətdə saxlanmasının zəruriliyini vurğulayan E.Məmmədyarov postsovet məkanında separatizmin doğurduğu münaqişələrin həllinin bu baxımdan zəruriliyini bildirmişdir. Nazir Cənubi Qafqaz regionunda mövcud münaqişələrin aradan qaldırılmasının, sabit və etimadlı qonşuluq münasibətləri qurulmasının hər bir ölkənin maraqları daxilində olduğunu söyləmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Məmmədyarov problemin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinin mümkünlüyünü bildirmişdir.
Görüşdə iki ölkə arasında qanunvericilik sahəsində, Azərbaycanın Avropa İttifaqına inteqrasiyası sahəsində əməkdaşlıq, qeyri-neft sektorunda işbirliyinin qurulması kimi mövzular da nəzərdən keçirilmişdir.