Rektor: İqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin fəal iştirakı vacibdir
Bakı, 24 oktyabr, AZƏRTAC
Bəzi ölkələrdə ekologiyaya zərər vurmaq cinayət hesab olunur. Meşələrin qırılması və ağacların kəsilməsi bu ölkələrdə təbiətə qarşı soyqırımı kimi qiymətləndirilir. Bu yanaşma təbiətin qorunması və bəşəriyyətin gələcək nəsillərinə təmiz ekoloji mühitin ötürülməsi üçün olduqca vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov oktyabrın 24-də Bakı Konqres Mərkəzində keçirilən “İqlim dəyişiklikləri və enerji hüququ” konfransında çıxışı zamanı söyləyib.
E.Qasımov qeyd edib ki, COP29 çərçivəsində keçirilən bütün tədbirlər yalnız nəzəri deyil, həm də praktik əhəmiyyət kəsb edir: “Konfrans qlobal iqlim dəyişikliklərinin təsirlərinə qarşı mübarizədə mühüm bir platformadır və Azərbaycan da bu mübarizəyə öz töhfəsini verəcək. Konfransda təqdim edilən yeni ideya və təkliflərin enerji sektorunda ətraf mühitin qorunması sahəsində tətbiqi davamlı inkişafın təmin olunması üçün vacib rol oynayacaq”.
“Gənc nəslin ekoloji problemlərə olan münasibəti təqdirəlayiqdir və bu siyasətin davam etdirilməsi vacibdir. Gələcəkdə gənclərimiz bu sahədə daha da fəal rol oynayaraq ekoloji hüquqları və təbiətin qorunmasını prioritet məsələ kimi qəbul edəcəklər. Onların iqlim dəyişikliyi ilə mübarizə prosesində aktiv iştirakı dünya miqyasında ətraf mühitin müdafiəsinə yönəlmiş addımların effektivliyini artıracaq. İqlim dəyişikliyinə qarşı mübarizə yalnız dövlət siyasəti deyil, eyni zamanda, gənclərin fəal iştirakı ilə davamlı və effektiv olması gərəkli bir məsələdir. Həmin mübarizənin davamlı və səmərəli olması üçün gənclərin fəal iştirakı vacibdir. Bu, təhsilin, maarifləndirmənin və yeni nəslin məsuliyyətli və ekoloji cəhətdən məlumatlı yetişdirilməsinin vacibliyini bir daha sübut edir”, - deyə Elmar Qasımov əlavə edib.