“Rəqəmsal gələcəyə addım” müsabiqəsi keçirilib
Bakı, 27 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi, “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin təşkilatçılığı ilə “Kod saatı” qlobal hərəkatı çərçivəsində “Rəqəmsal gələcəyə addım” müsabiqəsi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 3 mərhələdə keçirilən müsabiqə ərzində ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində informatika təmayüllü 10-11-ci sinif şagirdləri üçün infosessiya, həmçinin Quba şəhəri Alekseyevka kənd orta məktəbi və Şəmkir şəhəri Məhəmməd Füzuli adına tam orta məktəb-liseydə “Kodlaşdırma üzrə açıq qapı” günləri təşkil olunub.
“Kodlaşdırma üzrə açıq qapı” günlərində 400-dən çox şagird üçün İT mütəxəssisləri və bu istiqamətdə uğurları olan gənclərin iştirakı ilə tədbir təşkil edilib. Tədbirdə təqdimat edən mütəxəssislər şagirdlərin suallarını cavablandırıblar.
Tədbir müddətində, həmçinin müxtəlif interaktiv oyun və viktorinalar keçirilib.
Qeyd edək ki, "Kod saatı" hərəkatının məqsədi məktəblilər arasında İT sahəsi üzrə təşviqat aparmaq və onları məlumatlandırmaqdır.