Rəşad Rəsullu: İnanırıq ki, cüdoçularımız Avropa və dünya çempionatlarında Azərbaycanı layiqincə təmsil edəcəklər
Bakı, 25 fevral, AZƏRTAC
Cüdo üzrə gənclər arasında (U-21) Azərbaycan birinciliyi start götürüb. Turnirdə Bakıdan və regionlardan ümumilikdə 300-ə yaxın idmançı iştirak edir. Bu yaxınlarda 21 yaşadək gənclər arasında Bakı şəhər çempionatı keçirilib. Paytaxt çempionatında, eləcə də şəhər və region birinciliklərində fərqlənən idmançılar Azərbaycan çempionatına vəsiqə qazanıblar. Respublika birinciliyinin təşkilində əsas məqsəd gənclərdən ibarət milli komandanın heyətini formalaşdırmaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu fevralın 25-də jurnalistlərə müsahibəsində bildirib.
Baş katib qeyd edib ki, gənclərdən ibarət yığma komanda böyüklərdən ibarət millimizin əsas ehtiyat qüvvəsidir. Eyni zamanda, bu yaş qrupu üzrə qarşıda ciddi yarışların olduğunu bildirən R.Rəsullu əsas məqsədin komandamızın həmin yarışlarda yüksək səviyyədə çıxış etməsi olduğunu vurğulayıb: “Cüdoçularımızı qarşıda bir sıra nüfuzlu yarışlar gözləyir. İnanırıq ki, idmançılarımız Avropa və dünya çempionatlarında və digər yarışlarda Azərbaycanı layiqincə təmsil edəcəklər. Azərbaycan birinciliyinin nəticələrinə görə yığmaya qəbul ediləcək cüdoçular böyüklərdən ibarət komanda ilə birgə təlim-məşq toplanışlarına cəlb ediləcəklər. Belə ki, cüdo üzrə gənclər və böyüklərdən ibarət yığma komandalarımız martın 6-dan 20-dək Göygöl şəhərində Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcəklər. Təlim-məşqlər qarşıdan gələn yarışlara hazırlıq xarakteri daşıyacaq”.