RƏSMİ BAKI REGİONDA TEZLİKLƏ SABİTLİYİN TƏMİN OLUNMASINA ÇALIŞIR
Regionda tezliklə sülh və sabitlik təmin olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdir.
Xarici siyasət idarəsinin rəhbəri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın “Qafqaz İttifaqı” təklifi ilə bağlı region ölkələri arasında aparılan müzakirələri də müsbət qiymətləndirmişdir.
E.Məmmədyarov vurğulamışdır ki, Azərbaycan “Qafqaz İttifaqı”nın yaradılması ilə bağlı danışıqları davam etdirəcəkdir. Türkiyənin bu təklifi regionda sülhün və sabitliyin təmin olunması istiqamətində müsbət addımdır.
Nazir Ankaraya səfərində də bu məsələni müzakirə etdiklərini və təklifin tezliklə reallaşmasının vacibliyini vurğulayaraq bildirmişdir ki, region dövlətləri Cənubi Qafqazda sülhün yaradılmasına nail olmalıdırlar.
Rəsmi Bakı bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır.
Rusiya və Ermənistan prezidentlərinin sonuncu görüşündə Dağlıq Qarabağla bağlı müzakirələrə toxunan E.Məmmədyarov münaqişənin həlli istiqamətində hansısa nəticədən danışmağın tez olduğunu qeyd etmişdir. Nazir demişdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri sonuncu görüşlərində sentyabrda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində danışıqları davam etdirəcəklərini bildirmişlər. Növbəti görüşün harada və nə vaxt keçiriləcəyini həmsədrlər elan edəcəklər.
######
