RESPUBLİKA ƏDLİYYƏ NAZİRLİYİNİN BƏLƏDİYYƏLƏRLƏ İŞ MƏRKƏZİ KÜRDƏMİRDƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRMİŞDİR
Yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması, yerli əhəmiyyətli sosial məsələlərin həllində onların daha fəal iştirakı, bu qurumun ictimaiyyətlə əlaqələrinin genişləndirilməsində daha səmərəli metodlardan istifadə xüsusi əhəmiyyət kəsb edir. Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində beynəlxalq təcrübədən istifadə olunması istiqamətində görülən tədbirlər, qəbul edilmiş hüquqi normativ aktlar onların rolunun və nüfuzunun artmasına imkan vermişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bütün bunlar barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Kürdəmirdə keçirdiyi seminar-müşavirədə ətraflı danışılmışdır. Şəhər, kənd bələdiyyə sədrləri və üzvlərinin iştirak etdikləri tədbirdə Mərkəzin rəis müavini Fazil Məmmədovun “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyadan irəli gələn vəzifələr,” baş məsləhətçi Nurlan Rəsulovun “Yerli özünüidarə haqqında Avropa Xartiyasından irəli gələn öhdəliklər. İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu” mövzularında məruzələri dinlənilmişdir.
Açıq dialoq şəraitində keçən müzakirələrdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmiş, bələdiyyələrin hüquq və vəzifələrinin təkmilləşdirilməsi, toplanan vəsaitlərin, habelə dövlət tərəfindən verilən dotasiyaların xərclənməsində aşkarlığın təmin olunması və sair məsələlərdən danışılmışdır.
Seminar-müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Vasif Məmmədov, icra hakimiyyəti aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elxan Qafarov iştirak etmişlər.