Respublika Gənclər Kitabxanasında "Creative Summer" layihəsi başa çatıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında üç ay davam edən "Creative Summer" layihəsi öz işini başa vurub.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində 30-a yaxın gəncə “Adope Photoshop” və “Adobe İllustrator” qrafik dizayn proqramları tədris edilib.
Tədbiri giriş sözü ilə açan Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov ölkəmizdə təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün müasir dövlətçiliyimizin əsas strateji prioritetlərindən biri olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün geniş imkanlar açıldığını və bu siyasətin nəticəsi kimi idarəetmə bacarığı ilə seçilən, intellektual, geniş dünyagörüşlü yeni nəslin yetişdiyini, müasir gəncliyin istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda yüksək uğurlar qazandığını söyləyib.
"Guys" İctimai Birliyinin sədri Mübariz Quliyev 3 ay davam edən "Creative Summer" layihəsi çərçivəsində 30-a yaxın gəncin qrafik dizayn sahəsində öz bilik və bacarığını artırdıqlarını söyləyib. O, təlim zamanı gənclərin xüsusi fəallıq göstərdiyini, təcrübi dərslərdə həvəslə iştirak etdiklərini vurğulayıb. Mübariz Quliyev gələcəkdə də bu səpkili layihələrin davam etdiriləcəyini söyləyərək, Gənclər Kitabxanasına yaradılan şəraitə görə minnətdarlığını bildirib.
"Freres Wear" MMC-nin həmtəsisçisi Nahid Babayev, "Binar School" proqramının rəhbəri Aydan Şahalıyeva çıxışlarında müasir dövrdə qrafik dizayn proqramlarının əhəmiyyətindən, müxtəlif siyasi, iqtisadi, elmi, mədəni sahələrin təbliğat kampaniyalarında çox uğurlu bir vasitə olmasından bəhs ediblər.
Sonra təlimi uğurla başa vuranlara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, "Creative Summer" layihəsi "Guys" İctimai Birliyinin təşkilatçılığı, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının və "Freres Wear" MMC-nin tərəfdaşlığı ilə "Binary School" proqramı çərçivəsində həyata keçirilib.