RESPUBLİKA PREZİDENTİ “AMOKO” ŞİRKƏTİNİN RƏHBƏRLƏRİNİ QƏBUL ETMİŞDİR
Heydər Əliyev demişdir ki, otuz il üçün nəzərdə tutulan bağlaşma Azərbaycandan ötrü faydalı olmalıdır. Biz tam əmin olmalıyıq ki, xalqımız öz təbii sərvətindən maksimum səmərə götürəcəkdir. Digər tərəfdən, bağlayacağımız müqavilə xaricdə Azərbaycanın siyasi mövqelərinin möhkəmlənməsinə imkan yaratmalıdır. Dövlət başçısı qeyd etmişdir ki, “AMOKO” şirkətinin ABŞ-da nüfuzu böyükdür. Sizinlə əlaqələrimiz Azərbaycanla ABŞ arasında ikitərəfli faydalı əməkdaşlığa kömək etməlidir.
Prezident qonaqlara müraciətlə demişdir: Siz Azərbaycandakı qaçqın və köçkünlərin uşaqlarına humanitar yardım gətirmisiniz. Hazırda respublikamızda bir milyon qaçqın var. Onlar Ermənistanın təcavüzü nəticəsində doğma ev-eşiklərini tərk etməyə məcbur olmuşlar. Azərbaycan özünün ərazi bütövlüyünü qoruyur. Bu mübarizədə biz beynəlxalq təşkilatların köməyinə, onların həmrəyliyinə ümid bəsləyirik.
Robert Blanton prezident Heydər Əliyevlə yeni görüşdən məmnun olduğunu bildirərək demişdir ki, Azərbaycan haqqında həqiqətləri ABŞ-da xarici siyasətlə məşğul olan dairələrə, mətbuata öz imkanları daxilində çatdırır. O əmin etmişdir ki, Vaşinqtona qayıdarkən bu sahədə öz səylərini yenə də əsirgəməyəcəkdir. Robert Blanton qaçqın və köçkünlərin uşaqları üçün 10 min dəst paltar gətirdiyini bildirmiş, yardımın bundan sonra da davam edəcəyini söyləmişdir.
“AMOKO” şirkəti idarə heyətinin sədri “Azəri” və “Çıraq” yataqlarının istismarı ilə bağlı danışıqlara tezliklə yenidən başlanmasını arzu etdiyini bildirmişdir. O, danışıqların tezliklə başa çatacağına, əməkdaşlığın yeni mərhələsinin başlanacağına ümid bəslədiyini qeyd etmişdir.
Qəbulda dövlət müşaviri Vəfa Quluzadə iştirak etmişdir.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri