Respublika şahmat turnirinin qalibləri mükafatlandırılıblar
Bakı, 6 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Şahmat Olimpiadasının məktəblilər arasında təbliğinə həsr edilmiş Respublika şahmat turnirinə yekun vurulub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda birinci yeri Quba şəhər 2 nömrəli ümumi təhsil məktəbinin, ikinci yeri Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin, üçüncü yeri isə Ucar rayon 1 nömrəli ümumi təhsil məktəbinin komandası tutub.
Yarışın sonunda qaliblər Təhsil Nazirliyinin kubok, diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
Xatırladaq ki, turnirin məqsədi sentyabrın 1-dən 14-dək Bakı şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasını təbliğ etmək, valideynlərin məktəb həyatında daha fəal iştirakına nail olmaq və şagirdlər arasında şahmat idman növünü yaymaqdan ibarətdir.
Cari ilin aprelindən başlanan yarışlara 4 mindən artıq ümumi təhsil məktəbindən 55 minə yaxın iştirakçı cəlb edilib. Komandaların tərkibi VIII və daha aşağı sinif şagirdi olmaqla, 1 oğlan, 1 qız idmançı, həmçinin 1 valideyn və 1 müəllimdən ibarət olub.