Respublika Seysmoloji Xidmət Mərkəzində Çinlə seysmologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Çinin Elmlər Akademiyasının Uzaqdan Zondlama və Rəqəmsal Yer İnstitutunun baş katibinin müavini Li Renying Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.
Mərkəzin Elektron xidmətlər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli qonağa mərkəzin fəaliyyəti, burada aparılan kompleks geofiziki, seysmoloji, geodinamik və geokimyəvi tədqiqatlar haqqında ətraflı məlumat verib. Qurban Yetirmişli, həmçinin mərkəzin xarici ölkələrin seysmoloji mərkəzləri və aparıcı universitetləri ilə əməkdaşlığı, eləcə də Azərbaycan və xarici ölkələrdən olan seysmoloq-alimlərin apardığı birgə elmi tədqiqatlar və layihələr haqqında məlumat verib. Hazırda Azərbaycanda 84 seysmik stansiya vasitəsilə seysmik tədqiqatların aparıldığını bildirən baş direktor alınmış məlumatların emalında ən müasir emal proqramlarının tətbiq edildiyini bildirib. Professor, eyni zamanda, kadr hazırlığı və xarici impakt faktorlu jurnallarda mərkəzdə aparılan elmi tədqiqatların nəticəsinə dair nəşr edilən məqalələr haqqında da qonağı məlumatlandırıb.
RSXM-in fəaliyyəti və mərkəzdə aparılan elmi tədqiqatların onlarda maraq doğurduğunu bildirən Li Renying Azərbaycan alimlərinin seysmik tədqiqatların aparılması sahəsində böyük nəticələr əldə etdiyini deyib. Qonaq bu baxımdan da mərkəzlə əməkdaşlığın qurulmasına maraqlı olduqlarını bildirib. Səfəri çərçivəsində RSXM-də aparılan işlər haqqında daha geniş məlumatlar əldə etdiyini bildirən qonaq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması təklifi ilə çıxış edərək “ümid edirəm ki, belə bir sənədin imzalanması ikitərəfli əməkdaşlığımızın yaxından inkişaf etməsinə öz müsbət töhfələrini verəcək”, - deyib.
Görüşdə, həmçinin kadrların qarşılıqlı təcrübə mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.