CƏMİYYƏT
Respublika Veteranlar Təşkilatında “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı olub
Bakı, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında tanınmış ictimai-siyasi xadim, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Zəfər tariximizin fatehləri” adlı kitabının təqdimatı keçirilib.
Təşkilatdan AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində Vətən müharibəsi iştirakçıları, müxtəlif kateqoriyadan olan veteranlar, dövlət orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kursant və zabitləri də iştirak ediblər.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublika Veteranlar Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov “Zəfər tariximizin fatehləri” kitabının ictimai-siyasi, eləcə də tarixi önəmindən bəhs edib.
Polkovnik qeyd edib ki, kitabda Azərbaycan xalqının zəfər tarixi dolğun şəkildə əksini tapıb. Bu da qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
“Zəfər tariximizin fatehləri” kitabının müəllifi Zərifə Quliyeva tədbir iştirakçılarına kitab haqqında ətraflı məlumat verib. Nəşrdə Prezident İlham Əliyevin zəfər tariximizin memarı kimi rolundan ətraflı bəhs etdiyini bildirən müəllif Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətlərinə diqqət çəkib, onun Müzəffər Ali Baş Komandana dəstəyini yüksək qiymətləndirib.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, fizika elmləri doktoru, professor, YAP Veteranlar Şurasının üzvü Adilə Abbasova, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova da çıxış edərək kitab haqqında fikir və təəssüratlarını bölüşüblər.