Respublikamızın hərtərəfli inkişafında gənclərin rolu danılmazdır
Cəlilabad, 2 fevral, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Daha sonra yaradıcı gənclərin xeyriyyə məqsədi ilə təşkil edilən əl işlərindən ibarət sərgiyə baxış olub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov çıxışında Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O, 2022-ci ildə qazanılan uğurlar barədə danışıb, ölkəmizdə gənclərin hərtərəfli inkişafından, onların dövlət quruculuğu işinə cəlb olunmasından danışıb, gənclərin ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradıldığını diqqətə çatdırıb.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, Vətən müharibəsində Azərbaycan gənclərinin yüksək vətənpərvərlik ruhundan söz açıb, qazandığımız parlaq Qələbədə gənclərin rolundan danışıb.
Çıxışlarda Prezident İlham Əliyevin gənclərə və idmanın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrildiyi, respublikamızın hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğu bir daha diqqətə çatdırılıb.
Sonda müxtəlif sahələrdə fərqlənən gənclərə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.
Ümumrayon tədbiri rəngarəng konsert proqramı ilə davam edib.