Rəssam: Məqsədimiz zəngin mədəni irsimizi gələcək nəsillərə olduğu kimi çatdırmaqdır
Bakı, 13 iyul, AZƏRTAC
Kəlağayı Azərbaycan qadınının mənəvi dünyasının, milli kimliyinin ayrılmaz parçasıdır. Bu dəyəri qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur.
Bunu AZƏRTAC-a açıqlamasında rəssam Gülnarə Məmmədova deyib.
O bildirib ki, yaradıcılığında kəlağayı mövzusu xüsusi yer tutsa da, əsərlərində ümumilikdə Azərbaycanın milli ornamentlərini, tarixi irsini və zəngin mədəni sərvətlərini yaşatmağa çalışır.
“Qarşımıza mühüm bir məqsəd qoymuşuq – milli dəyərlərimizi, ornamentlərimizi və zəngin mədəni irsimizi gələcək nəsillərə olduğu kimi çatdırmaq. Kəlağayı mövzusunda yaratdığım əsərlər yalnız sərgilərdə nümayiş olunan işlərlə məhdudlaşmır. Qalereyamda da bu mövzuya həsr olunmuş çoxsaylı əsərlər var və onların bir qismini Kəlağayı Muzeyinə hədiyyə etmişəm”, – deyə rəssam vurğulayıb.
G.Məmmədova qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması ilk növbədə gənc nəslin düzgün tərbiyəsindən başlayır: “Şagirdlərimə hər zaman aşılayıram ki, öz tarixini və keçmişini bilməyən xalq gələcəyini möhkəm təməllər üzərində qura bilməz. Buna görə də həm yaradıcılığımda, həm də pedaqoji fəaliyyətimdə milli ornamentlərimizə, tarixi şəxsiyyətlərimizə və mədəni irsimizə xüsusi yer ayırıram”.
Rəssamın sözlərinə görə, əsas missiyası təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının tarixi yaddaşını, milli kimliyini və mədəni irsini rənglərin dili ilə yaşatmaqdır.
Müxbir - Günel Alıyeva