RƏSSAMIN KİTAB-ALBOMU NƏŞR OLUNMUŞDUR
Pəngkarlıq və qrafika janrlarında 90-na yaxın əsərin daxil edildiyi kitab-albomun tərtibçiləri Möhbəddin Səməd və Elçin İsgəndərzadə “Ön söz”də rəssamın həyat və yaradıcılığından, onun əsərlərinin xüsusiyyətlərindən söhbət açırlar. Kərim Cəlalın “Səttar Bəhlulzadənin portreti”, “Tələbə qızın portreti” ilə yanaşı, tarixi mövzuda yaratdığı “Attila” və “Koroğlu” əsərləri də sənətsevərlər tərəfindən yüksək qiymətləndirilir.
Ölkəmizin görkəmli fırça ustaları kitab-albomda Kərim Cəlal yaradıcılığı barədə fikirlərini oxucularla bölüşürlər.
Xalq rəssamı Toğrul Nərimanbəyov deyir ki, mənim Kərim Cəlalla tanışlığım onun bir rəngkarlıq əsərindən başlanıb. Bəzən bir əsərini görməklə də onun necə rəssam olduğunu qiymətləndirmək olar. Mən Kərimin o biri əsərlərini görəndən sonra belə qənaətə gəldim ki, bu, zəngin fantaziyası olan, yaradıcılıq potensialını özünəməxsus orijinal formada realizə etməyi bacaran rəssamdır.
Əməkdar incəsənət xadimi Ağəli İbrahimov isə yazır ki, mən Kərimin timsalında uzaq keçmişdə yaşamış, ağır çətinliklərdən keçmiş, zəngin sənətkar tərcümeyi-halı olan, sənətsevərlər tərəfindən yalnız iki-üç yüz il sonra dərk və təsdiq edilən El Qreko, Bosk, Rembrant kimi rəssamları görürəm. Realist ovqatlı, sürrealist meylli Kərim Cəlalın da əsərləri ilk andan birmənalı qarşılanmır.
Kitab-albomda rəssamın əsərlərinin siyahısı, onun həyat və yaradıcılığı barədə bilgilər də verilmişdir.