REYN SAHİLLƏRİNDƏ UNUDULMAZ GÖRÜŞLƏR
Sumqayıtın nümayəndə heyəti Almaniyanın Lüdviqshafen şəhərindən qayıtmışdır. Nümayəndə heyətinin rəhbəri, Sumqayıt İcra Hakimiyyəti başçısının müavini Ramiz Həsənov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, səfər Lüdviqshafen bələdiyyəsinin yaradılmasının 150 illiyi ilə əlaqədar təşkil olunmuşdu. Şənliklərdə ABŞ-ın, Böyük Britaniyanın, Fransanın, Hollandiyanın Lüdviqshafenlə tərəfdaş şəhərlərinin nümayəndə heyətləri də iştirak edirdilər. Bayrama toplaşan qonaqlar altı gün ərzində bir-birinin tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmuşlar. Lüdviqshafenin bələdiyyə sədri doktor Yeva Louze yubiley şənliklərində çıxış edərək, iki şəhər arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasının 25 illiyi ilə əlaqədar 2002-ci ilin iyulunda Sumqayıtda keçirdikləri unudulmaz, xoş təəssüratlarla dolu günləri xatırlamışdır. Xanım Louze vurğulamışdır ki, həmin günlər onun yaddaşında sehrli “Min bir gecə” nağılı kimi qalmışdır. Sumqayıtın nümayəndə heyəti maraqlı konsert proqramı və fotosərgi nümayiş etdirmiş, mahir Azərbaycan kulinarları bayrama toplaşanları ləziz Şərq yeməklərinə qonaq etmişlər. Yubiley müxtəlif ölkələrin estrada, klassik musiqi və sirk artistlərinin böyük konserti ilə başa çatmışdır. Müasir texnologiyalar vasitəsilə nümayiş etdirilən vizual və pirotexniki effektlər, atəşfəşanlıq bayram şənliklərinə xüsusi rövnəq vermişdir.