RİNO HARNİŞ: AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİNİN SƏFƏRİNİ VAŞİNQTONDA SƏBİRSİZLİKLƏ GÖZLƏYİRLƏR
Nazir son zamanlar ABŞ hökumətinin Azərbaycanla əlaqələrinin artdığını vurğulayaraq demişdir ki, Azərbaycan ABŞ-ı özünün strateji müttəfiqi hesab edir və həmişə bu ölkə ilə əməkdaşlığı vacib saymışdır. Xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, ABŞ dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindəki fəaliyyəti təqdirə layiqdir. ABŞ Azərbaycanın iqtisadi inkişafına da öz köməyini əsirgəmir. O, Azərbaycanın NATO ilə də sıx əməkdaşlıq etdiyini, hazırda Tərəfdaşlığın Fərdi Fəaliyyət Proqramı üzərində işləndiyini, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına sürətlə yaxınlaşdığını və NATO ilə əməkdaşlığı gücləndirdiyini nəzərə çarpdırmışdır.
Səfir Rino Harniş qəbul üçün təşəkkür edərək nümayəndə heyətinin Bakıya səfərinin məqsədini açıqlamış və bildirmişdir ki, ABŞ-ın və NATO-nun Azərbaycan və Qafqazın digər dövlətləri ilə əməkdaşlığının məqsədi burada mövcud olan qeyri-sabitliyi aradan qaldırmaqdır. ABŞ Azərbaycanla təhlükəsizliyin təmin olunması istiqamətində də əməkdaşlığı davam etdirmək niyyətindədir.
Amerikalı diplomat qonaqları təqdim edərək, Azərbaycanın müdafiə nazirinin Vaşinqtona səfərini orada səbirsizliklə gözlənildiyini və bu səfər zamanı ABŞ-Azərbaycan hərbi əməkdaşlığının əsas istiqamətlərinin müəyyənləşdiriləcəyini söyləmişdir.
Qonaqlar - Erik Şults və Bryus Rocers fəaliyyətləri barədə məlumat vermiş, NATO-Azərbaycan hərbi əməkdaşlığının perspektivləri haqqında Azərbaycanın müdafiə naziri ilə geniş fikir mübadiləsi etmişlər.
General-polkovnik Səfər Əbiyev qonaqları maraqlandıran sualları cavablandırmışdır.