Robert Novotny: Azərbaycan bizim üçün kifayət qədər perspektivli ölkədir
Bakı, 7 aprel (AZƏRTAC, Ceyhun Rüstəmov). Agentliyimizin Moskva ofisi Cənubi Qafqaz ölkələri üzrə məsuldur və bizim təşkilat “AITF” sərgisində hər il iştirak edir. Mən nümayəndəliyin yeni rəhbəri qismində ilk dəfədir ki, Bakını ziyarət edirəm. Təəssüratlarım çox yüksək və müsbətdir. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və bu, turizm üçün ən mühüm amillərdən biridir.
Bu sözləri XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində (“AİTF-2014”) “CzechTourism” agentliyini təmsil edən Moskva nümayəndəliyinin direktoru Robert Novotny AZƏRTAC-a müsahibəsində bildirmişdir. O demişdir ki, agentlik 2013-cü ildə 20 illik yubileyini qeyd etmişdir. Ötən müddətdə Çexiyanı 100 milyon nəfərdən çox turistin ziyarət etməsi “CzechTourism”in böyük nailiyyətidir.
“AİTF-2014” sərgisində “CzechTourism” agentliyi dörd çex şirkətini - Praqa şəhərindən “Magestic plaza”nı, Karlovı Varı şəhərində yerləşən və sanatoriyaya malik olan “Bohema-Lazne”ni, aparıcı daxili turoperator olan və həmçinin Karlovı Varı şəhərində fəaliyyət göstərən “ASTRA”nı, eləcə də öz fəaliyyəti ilə bütün Çexiya ərazisini əhatə edən “AVANTI” turoperatorlarını təmsil edir.
Biz bütün ölkənin müxtəlif turizm istiqamətləri üzrə Çexiyaya turist axınını artırmağa çalışırıq və Azərbaycanı kifayət qədər perspektivli ölkə hesab edirik. Bu sərgi Çex Respublikasının turizm marşrutlarının rəngarəngliyi haqqında məlumatı gələcək müştərilərimizə çatdırmaqda bizə kömək edir. Biz təşkilatçılıq işlərinin səviyyəsindən çox razıyıq və sərgidə hər il iştirak etmək niyyətindəyik.