Romada azərbaycanlı tələbələrin İtaliya cəmiyyətinə inteqrasiyası mövzusunda seminar keçirilib VİDEO
Roma, 10 mart, AZƏRTAC
Roma şəhərində Azərbaycan İtaliya Gənclər Assosiasiyasının (AİGA) təşkilatçılığı ilə “İtaliyada təhsil alan azərbaycanlı tələbələrin İtaliya cəmiyyətinə və siyasi dairələrinə inteqrasiyası” adlı layihəyə start verilib.
AZƏRTAC xəbər verir ki, bir ay davam edəcək layihənin başlanması ilə əlaqədar seminar keçirilib.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan seminarda çıxış edən AİGA-nın sədri Fərid Abbasov 80-dən çox tələbənin iştirak etdiyi layihə barədə danışıb. Bildirib ki, bu cür layihələr gənclərin yerli ictimaiyyətə inteqrasiyasında mühüm rol oynayır.
Tədbirdə qonaq ekspert qismində çıxış edən BMT-nin ən böyük qurumlarından olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Strategiya, Planlaşdırma və Resursların İdarə Olunması İdarəsinin rəhbəri Elxan Əliyev İtaliya cəmiyyətinə inteqrasiyanın üstünlükləri, BMT-də iş imkanları və təmsilçilik barədə məlumat verib. O, bu cür mötəbər bir qurumda azərbaycanlı olaraq təmsil olunmağın önəmini diqqətə çatdırıb.
AİGA-nın həmsədri Emin Rüstəmov təşkilatın yaranma tarixindən, həyata keçirdiyi layihələrdən bəhs edib. O, ölkəmizlə bağlı həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildirib.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tələbələrin təklifləri dinlənilib.
Layihənin növbəti mərhələlərində İtaliyanın nüfuzlu tələbə gənclər təşkilatlarının, QHT-lərinin, siyasi qurumlarının təmsilçiləri, tanınmış professorlar, eyni zamanda, uzun illərdir İtaliyada yaşayan və fəaliyyət göstərən, bu ölkənin müxtəlif qurumlarında təmsil olunan azərbaycanlılar ekspert qismində iştirak edərək layihə iştirakçılarını məlumatlandıracaqlar.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma