“Romania Libera” qəzetində “Xocalıya ədalət, Qarabağa azadlıq” sərlövhəli məqalə dərc olunmuşdur
Buxarest, 24 fevral (AZƏRTAC). Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə “Romania Libera” (Azad Rumıniya) qəzetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət, Qarabağa azadlıq” sərlövhəli məqalə dərc edilmişdir.
Məqalədə erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilən amansız qətliamın bəşəriyyət tarixində insanlıq əleyhinə soyqırımı aktı olduğu, Xocalıda yaşayan dinc sakinlərin kütləvi şəkildə öldürüldüyü, yaralandığı, əlil olduğu və itkin düşdüyü bildirilir. Həmçinin Xocalı hadisələrinin İkinci Dünya müharibəsi zamanı yəhudilərə qarşı törədilmiş qırğınlar və Srebrenitsada müsəlmanların kütləvi şəkildə öldürülməsi cinayəti ilə müqayisə olunduğu qeyd edilir. Bildirilir ki, hazırda İnterpolun xətti ilə haqqında beynəlxalq axtarış elan olunan Zori Balayan 1996-cı ildə nəşr olunan “Ruhumuzun canlanması” adlı əsərində Xocalı soyqırımına haqq qazandırmış və bu şəhərdə azərbaycanlılara qarşı soyqırımının həyata keçirildiyini fəxrlə etiraf etmişdir.
Məqalədə deyilir: “Ermənistan prezidenti Serj Sarkisyan səsləndirdiyi bəyanatda özü etiraf edərək demişdir ki, “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz onlarla sadəcə zarafat edirik. Azərbaycanlılar bu fikirdə idilər ki, ermənilər dinc sakinlərə əl qaldırmağa bacaran insanlar deyillər. Bu fikirləri dağıtmaq lazım idi. Belə də alındı. Biz onsuz da bunu vaxtaşırı olaraq edirik. Lazım gəlsə, yenə də edərik”.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq olar:
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest