RUMINİYALI HÜQUQ MÜDAFİƏÇİLƏRİ QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏR BARƏDƏ MƏLUMATLARI BEYNƏLXALQ İCTİMAİYYƏTƏ ÇATDIRACAQLAR
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov Rumıniyanın “İnsan hüquqları müdafiəsi” təşkilatının nümayəndə heyəti ilə görüşmüşdür.
Dövlətqaçqınkomun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın dözülməz həyat tərzi ilə əyani tanışlıq məqsədi ilə nümayəndə heyətinin çadır düşərgələrinə səfərlərini yüksək qiymətləndirən baş nazirin müavini Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bu təşkilatın xüsusi rolu olacağına əminliyini bildirmişdir.
Baş nazirin müavini işğal altında olan ərazilərdə bütün qəsəbə və kəndlərin, mədəni-məişət, sənaye və tikinti obyektlərinin, nəqliyyat və elektrik şəbəkələrinin, tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığının ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də təsdiq edildiyini qonaqların nəzərinə çatdırmışdır.
O, ermənilərin qeyri-konstruktiv mövqeyi üzündən münaqişənin həlli müddətinin uzandığından, qaçqın və məcburi köçkünlərin ərzaq təminatı, səhiyyə və təhsil sahələri, habelə infrastrukturlarda mövcud problemlərin aradan qaldırılması ilə bağlı Azərbaycan dövlətinin gördüyü işlər barədə qonaqlara ətraflı məlumat vermiş və onların çoxsaylı suallarını cavablandırmışdır.
Nümayəndə heyətinin rəhbəri F.Skaletski rəsmi görüşlər və çadır düşərgələrinə səfərləri zamanı əldə etdikləri mükəmməl və dəqiq məlumatların heç bir informasiya mənbəyindən oxumaqla almağın mümkün olmadığını qeyd etmişdir. Bildirmişdir ki, üçüncü minillik insan hüquqları və informasiya əsri olduğu halda, inanmaq çətindir ki, XXI əsrdə ədalətsiz müharibə nəticəsində bütün hüquqlardan məhrum olmuş insanlar da var və bu insanlara həyəcansız baxmaq mümkün deyildir.
Qonaq səfər zamanı məcburi köçkünlərin acınacaqlı həyat tərzi lentə alınmış videokasetlərin Rumıniya milli televiziyasında yayımlanacağını və fotoşəkillərin isə internetlə ötürüləcəyini bildirmişdir.
Görüşdə səfərin yekunu barədə real hesabatın əsas qayəsini təşkil edən, hüquqları pozulmuş bu insanlar barədə informasiyaların beynəlxalq ictimaiyyətə çatdırılacağı da vurğulanmışdır.