Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığı bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
Minsk, 16 noyabr, AZƏRTAC
Belarusun paytaxtında “Rus mədəniyyəti və dilinin xaricdə qorunub saxlanılması, dəstəklənməsi və irəliləyişi” mövzusunda beynəlxalq konfrans başa çatıb. Alimlər, rus dili, kulturologiya müəllimləri, ictimai xadimlər, Rusiyadan, MDB, Baltiya, Şərqi Avropa ölkələrindən və İsraildən olan jurnalistlər “Minskdə Moskva Evi” mədəni-işgüzar mərkəzində toplaşıblar.
“Müasir dünya və mədəniyyət: rus dili beynəlxalq kommunikasiyalar sistemində” mövzusu tədbir iştirakçılarının qızğın müzakirəsinə səbəb olub. Psixologiya elmləri namizədi, Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RAD Mərkəzi) direktoru Natalya Krasovskaya rus dilinin ölkələr arasında ortaq dəyərlərin və dostluğun qorunub saxlanmasına köməyindən danışıb.
Ekspert deyib: “Ölkələr arasında dostluq ilk növbədə insanlar arasında dostluğu göstərir. Dövlətlər arasında münasibətlər rəsmi diplomatiya çərçivələrindən artıq çoxdan çıxıb. Bu gün meydan xalq diplomatiyasınındır, yəni mədəniyyət və təhsil layihələrinin, turizm mübadiləsinin, iqtisadi əlaqələrin qurulması ön plana çıxıb. Bu gün Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığı bütün istiqamətlər üzrə sürətlə inkişaf edir. Bu prosesdə möhkəmləndirici rolu isə dostluq körpüsü funksiyasını yerinə yetirən və xalq diplomatiyasının tərkib hissəsi olan rus dili oynayır”.
N.Krasovskaya qeyd edib ki, indiyədək Azərbaycanda rus dilinin, elminin, mədəniyyətinin nüfuzu çox güclüdür, milyonlarla azərbaycanlı isə rusiyalılarla əlaqəni saxlamağa tələbat duyur”.
Fəlsəfə elmləri doktoru, şair Konstantin Kedrov, həmçinin hesab edir ki, yaradıcılıq, o cümlədən poeziya dilin yayılmasında həlledici rola malikdir. Azərbaycan klassiki Nizami Gəncəvinin yaradıcılığından ruhlanmış Boris Pasternak şairin əsərlərini rus dilinə çox gözəl tərcümə edib və rusiyalı oxucuları onun poeziyası ilə tanış edib.
Litva Rus Məktəbləri Müəllimləri Assosiasiyasının sədri Ella Kanayte rus dilinin müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə kömək etdiyini bildirib. O, son vaxtlar Vilnüs teatrında Nizami Gəncəvinin əsəri əsasında qoyulan tamaşanı yüksək qiymətləndirib və RAD Mərkəzini qonaq dəvət edib.
Rus dilinin xaricdə işlənməsi sahəsində nailiyyətlərlə yanaşı, problemli məqamları da mövcuddur. Filologiya elmləri doktoru, Manas adına Qırğız-Türk Universitetinin professoru Zamira Derbişeva deyib: “Qırğızıstanda rus dili rəsmi dövlət səviyyəsində təsbit olunub, lakin mövqelərindən geri çəkilməyə başlayıb. Bunun obyektiv səbəbləri daxili və xarici miqrasiya prosesləri, milli özünüdərketmə şüurunun yüksəlişidir. Ziyalılarımızın bir hissəsi rus dilinə radikal mövqedən yanaşırlar”.
Azərbaycan Respublikasında isə tamamilə əks vəziyyətdir. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev deyib: “Rus dili ölkələrimiz arasında bir-biri ilə yaxından tanış olmağa kömək edən bünövrədir. Azərbaycanda rus dili təkcə qorunub saxlanmayıb, həm də inkişaf edir. Rus məktəbləri qorunub saxlanılır, onlarla rusdilli qəzet və jurnal nəşr edilir, informasiya agentlikləri fəaliyyət göstərir, minlərlə tələbə ali məktəblərdə rus dilində təhsil alır. Bu, həqiqətən də başqa ölkələr üçün beynəlxalq əməkdaşlığın əla nümunəsidir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk