RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDEVİN BƏYANATI
-Hörmətli həmkarlar!
Hörmətli xanımlar və cənablar!
Mən hörmətli qonağımız, Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin səfəri ilə əlaqədar bir neçə söz demək istərdim. Əvvələn, İlham Heydər oğlunu bir daha salamlamaq və ona təşəkkürümü bildirmək istərdim ki, biz bu məsləhətləşmələri Azərbaycanın həyatında kifayət qədər mühüm bir dövrdə aparırıq. Artıq prezident seçkiləri başlanır və çox yaxşı haldır ki, İlham Heydər oğlu cari vəziyyəti, bizim ikitərəfli münasibətlərimizi, beynəlxalq problemləri müzakirə etmək üçün Moskvaya gəlməyə vaxt tapmışdır.
Təbii ki, biz Rusiya-Azərbaycan münasibətlərinin - iqtisadi, sosial, humanitar münasibətlərin inkişafı barədə danışdıq. Beynəlxalq məsələlər haqqında da söhbət etdik. Əlbəttə, mən bir müddət əvvəl Qafqazda baş vermiş böhranla əlaqədar informasiya mübadiləsini nəzərdə tuturam. Mən Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Rusiyanın atdığı addımlar barədə İlham Heydər oğluna ətraflı məlumat verdim və hesab edirəm ki, bütün məsələlərdə bizim fəal qarşılıqlı əlaqələrimiz, Rusiya ilə Azərbaycanın fəal qarşılıqlı əlaqələri regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün əsas amillərdən biridir.
Danışıqların gedişində biz işgüzar əməkdaşlıq, hazırda xüsusi əhəmiyyət kəsb edən məsələlər üzərində də dayandıq. Ölkələrimiz arasında əmtəə dövriyyəsi çox yaxşı artmaqdadır. Biz söhbətə bu məsələdən başladıq. Ümumiyyətlə, əmtəə dövriyyəsinin artması onu göstərir ki, bizim iqtisadi münasibətlərimiz prinsipcə yeni səviyyəyə, qarşılıqlı strateji əlaqələr səviyyəsinə çatmışdır. Bu, həm Rusiya üçün, həm də Azərbaycan üçün xeyirlidir, bizim xalqlarımız üçün faydalıdır. Bu ilin yeddi ayında əmtəə dövriyyəsinin yarıbayarı, 56 faiz artması onu göstərir ki, artım potensialı vardır və biz bu məqama daim diqqət yetirmək niyyətindəyik. Əmtəə dövriyyəsinin strukturunun yaxşılaşması da çox mühümdür. Azərbaycan Prezidenti bunu söhbətimizin əvvəlində qeyd etdi. Mən bu fikirlə tamamilə razıyam. Bu, bizim iqtisadiyyatlarımızın inkişafı üçün prinsipial əhəmiyyət kəsb edir.
Təbii ki, humanitar sahədə münasibətlər ayrıca bir məsələdir və burada da, həqiqətən, çox yaxşı nəticələr əldə edilmişdir. Biz Azərbaycanda rusdilli mədəni məkanın və təhsil məkanının qorunub saxlanması üçün göstərilən səylərə görə Azərbaycan rəhbərliyinə, Azərbaycan Prezidentinə minnətdarıq. Biz Bakıda Moskva Dövlət Universitetinin filialının açılması barədə, digər proseslər və layihələr haqqında, məktəb təhsili, bütövlükdə humanitar sahədə əməkdaşlıq haqqında danışdıq. Əlbəttə, mən belə hesab edirəm ki, bu, bizim irsimizdir və iki ölkənin prezidentləri kimi biz bu irsi daim qoruyub saxlamalı və bu məsələyə çox ciddi diqqət yetirməliyik.
Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli də bizim müzakirə mövzumuz oldu. Mən Azərbaycan Prezidentinə dediyim sözləri bu auditoriyada bir daha təsdiq etmək istərdim. Biz Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqların davam etdirilməsinin tərəfdarıyıq. Bu məsələdə Rusiyanın mövqeyi dəyişməz qalır. Biz bu mürəkkəb məsələnin tənzimlənməsi üçün qarşılıqlı məqbul həllin tapılmasına gələcəkdə də maksimum kömək edəcəyik. Zənnimcə, bizim bu məsələyə dair təmasların ən yaxın gələcəkdə davam etdirilməsinə də ümid etməyə haqqımız var.
Mən bugünkü səfərin baş tutmasına görə, dostcasına konstruktiv söhbətə görə həmkarım İlham Heydər oğlu Əliyevə bir daha təşəkkür etmək istərdim. Hesab edirəm ki, bizim bu cür intensiv ünsiyyətimiz, tez-tez görüşməyimiz həm xalqlarımızın, həm dövlətlərimizin, həm də nəticə etibarilə bizim regionda təhlükəsizliyin və sabitliyin xeyrinədir. Görüş həm faydalı, həm də maraqlı oldu və biz lap yaxın gələcəkdə bu məsələlərin müzakirəsini davam etdirəcəyik. Sağ olun.