RUSİYANIN KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ AZƏRBAYCANIN SİYASƏTİ HAQQINDA
Ötən həftə Rusiya mətbuatı Azərbaycan haqqında materiallarla zəngin olmuşdur. Görünür, bu, son vaxtlar Azərbaycana bir-birinin ardınca səfər etmiş Rusiya siyasətçilərinin fəallığı ilə bağlıdır. Məsələn, son iki həftədə RF Təhlükəsizlik Şurasının sədri Vladimir Ruşaylo, onun ardınca müdafiə naziri Sergey İvanov və xarici işlər nazirinin müavini, RF Prezidentinin Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnı Bakıda olmuşlar.
Mətbuatın icmalı göstərir ki, Rusiyanın Azərbaycanda diplomatik fəallığı onun dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, real və konkret məzmunla dolğunlaşdırmaq niyyətini sübut edir. Məsələn, Rusiyanın bütün aparıcı qəzetləri Bakıda imzalanmış və ölkəmizə silahlar, hərbi texnika və onlar üçün ehtiyat hissələr göndərilməsi, habelə hərbi kadrlar hazırlanması nəzərdə tutulan hərbi-texniki əməkdaşlıq haqqında hökumətlərarası saziş barədə öz fikirlərini açıqlamışdır. “Kommersant” qəzeti yazır ki, Sergey İvanov Bakıya getməzdən əvvəl RF Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə məktub göndərmişdir. Məktubda Rusiya-Azərbaycan əməkdaşlığını daha səmərəli etmək, maksimum konkret, qarşılıqlı surətdə faydalı nəticələrə nail olmaq niyyəti nəzərə çarpdırılmışdır. Qəzet Prezident Heydər Əliyevin Birləşmiş Ştatlara səfərini və orada ona göstərilən mehribanlığı araşdıraraq vurğulayır ki, “Kreml regionda öz nüfuzunu gücləndirmək səylərində gecikmişdir və Rusiya ətrafında mehriban qonşuluq zolağı yaradılması haqqında bu yaxınlarda bəyan olunmuş “Putin doktrinası”nın həyata keçirilməsində ABŞ-ın ona kömək göstərəcəyinə və bir müddət hərbi texnika üçün çox məhdud həcmdə ehtiyat hissələr satılması haqqında sazişlərlə təsəlli tapmağa ümid etmək qalır”.
Rusiyanın digər nəşrində, bir qayda olaraq, Azərbaycana dostluq münasibəti bəsləməyən “Nezavisimaya qazeta” “Sergey İvanovun incə diplomatiyası” adı altında verilmiş məqalədə deyilir ki, Rusiyanın müdafiə naziri Bakıda olarkən Azərbaycan Rusiya tərəfinə irad tutaraq, Baş Kəşfiyyat İdarəsinin ağentlərini qınamışdır. Qəzet yazır: “Rusiya naziri özünü elə göstərdi ki, guya həmin hadisədən xəbərsizdir, bu isə indi Kremlin Azərbaycanla hərbi əməkdaşlığa necə əhəmiyyət verdiyini nəzərə çarpdırır”.
Aparıcı qəzetlər Prezident Heydər Əliyevin Vaşinqtona səfərini də fəal müzakirə edərək vurğulayır ki, Azərbaycan istər siyasi, istərsə də iqtisadi sahədə ABŞ tərəfindən dəstəklənəcəyinə zəmanət almışdır. “Əliyev və Buş bir-birindən razı qalmışlar” sərlövhəli məqalədə bildirilir ki, Heydər Əliyev Vaşinqtonda səfərinin başlıca məsələsini - maliyyə yardımının artırılmasına nail olmaq, ölkənin və onun karbohidrogen ehtiyatlarının təhlükəsizliyinin təmin edilməsi, habelə boru kəmərlərinin inşasının sürətləndirilməsi məsələsini həll edə bilmişdir.
Beləliklə, analitiklər və ekspertlər belə bir fikirdədirlər ki, ilk növbədə, İraqla əlaqədar dünyada vəziyyətin mürəkkəbləşdiyi şəraitdə Azərbaycan istər siyasi, istərsə də iqtisadi anlamda daha böyük coğrafi-siyasi cazibədarlıq və aktuallıq kəsb edir. Bununla bərabər, beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanın mövqeyinin ardıcıllığı və bu ardıcıllığı Azərbaycan rəhbərliyinin hadisələrin lap əvvəlindən nümayiş etdirdiyi qeyd olunur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi məüxbiri
Moskva