“Sabah”ın futbolçusu: “Neftçi” üzərində qələbə növbəti oyunlar üçün motivasiya olacaq - MÜSAHİBƏ
Bakı, 31 oktyabr, AZƏRTAC
“Sabah” klubunun bosniya-herseqovinalı futbolçusu Boyan Letiç AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Azərbaycan Premyer Liqasının son turunda səfərdə "Neftçi"ni minimal hesabla məğlub etdiniz. Komandanızın “qara zolaq”dan çıxdığını düşünmək olar?
- Bizim üçün vacib oyun idi. Komanda olaraq bu görüşə yaxşı hazırlaşmışdıq. Fikrimcə, qələbəyə layiq idik. Qalib gəldiyimizə görə çox şadam. İnanıram ki, bu qələbə qarşıdakı matçlar üçün komandaya yaxşı motivasiya olacaq.
- Qələbə məhz sizin vurduğunuz qolla qazanıldı. Yəqin ki, 3 xala hamıdan çox siz sevindiniz?
- Əlbəttə, bu cür vacib oyunda həlledici qola imza atmağım ikiqat sevindirici oldu. Lakin kimin qol vurmasından asılı olmayaraq, əsas komandanın qələbəsidir.
- Deyəsən, vurduğunuz qolu vəfat edən dostunuza həsr etdiniz…
- Bəli, qolu cəmi 1 həftə öncə dünyasını dəyişən dostuma həsr etdim. O, mənim ən yaxın dostum idi.
- "Sabah" bu mövsüm "Neftçi"yə uduzmayıb: bir heç-heçə, bir qələbə. Maraqlıdır ki, hər iki matçda fərqlənən məhz siz olmusunuz. Deyəsən, "Neftçi"nin zəif yerini tapmısınız...
- Bayaq da dediyim kimi, əsas kimin qol vurması yox komandanın qələbəsidir. Hər bir qol komanda işinin nəticəsidir. Uyğun olaraq da, mənim vurduğum qollarda da bütün komandanın əməyi var. Yəni, bunun xüsusi bir sirri yoxdur.
- "Sabah" bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkir? Ötənilki komandadan, demək olar ki, əsər-əlamət yoxdur. Sizcə, bunun səbəbi nədir?
- Yayda komandada bir çox dəyişiklik oldu. Yeni gələn futbolçuların komandaya uyğunlaşması üçün müəyyən vaxta ehtiyac var idi. Fikrimcə, oyundan-oyuna daha da artıracağıq. Son həftələrdə də bunun şahidi oluruq.
- Hazırda "Sabah" liderlər qrupundan bir az uzaq düşüb. Necə düşünürsünüz, xal fərqini aradan qaldırmaq mümkün olacaq?
- Bu, futboldur. Futbolda qələbələr olduğu kimi, məğlubiyyətlər də qaçılmazdır. Əsas olan bu məğlubiyyətlərdən dərs çıxarmaqdır. Əlbəttə, hər birimiz qarşıdakı turlarda vəziyyəti öz xeyrimizə dəyişəcəyimizə inanır və bunun üçün çalışırıq.
- Bu mövsüm qarşınızda duran əsas vəzifə nədən ibarətdir? Artıq çempionluq barədə düşünmürsünüz?
- Biz ötən mövsümdə olduğu kimi, hər növbəti oyunumuza köklənirik. Əsas hədəfimiz oyundan-oyuna bir az da inkişaf etməkdir. Hələ cəmi 11 tur geridə qalıb. Qarşıda bizi daha 25 tur gözləyir. İnanıram ki, mövsümün sonunda hədəflərimizə çatacağıq.