“Sabah”ın idman direktoru: “Rapid”lə oyuna heç bir qələbəmiz yoxmuş kimi çıxacağıq
Bakı, 5 oktyabr, AZƏRTAC
“Komandamız “Rapid”lə oyuna ciddi hazırlaşır. İlk olaraq, fitnesdə məşq etdik. Bu, oyunçuların tam performans göstərə bilməsi üçün vacibdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah” basketbol klubunun idman direktoru Elşən Yusubov FIBA Avropa Kubokunun qrup mərhələsində Rumıniyanın “Rapid” komandasına qarşı keçirəcəkləri III tur oyunu ilə bağlı danışarkən deyib.
Klub rəsmisi bu gün məşqçilər heyəti ilə matça dair iclas keçirdiklərini söyləyib: “Toplantıda rəqib komandanın digər klublarla oyunlarını analiz etdik. Həmçinin öz basketbolçularımızın son matçlardakı çıxışını gözdən keçirmək fürsətimiz oldu. Hesab edirəm ki, oyunçularımız həm fiziki, həm psixoloji baxımdan bu oyuna tam hazırdırlar. Sevindirici haldır ki, hazırda zədəsi və ya başqa bir problemi olan basketbolçumuz yoxdur”.
Funksioner bildirib ki, Niderlandın “Donar” və Şimali Makedoniyanın “Rabotniçki” kollektivləri ilə oyunlardan sonra komandada yorğunluq hiss olunur: “İki qələbədən sonra dincəlmək əvəzinə, əzmlə çalışıb mübarizəyə hazır olduğumuzu hamıya göstərməliyik. İnanıram ki, bu axşam hər kəs bunun şahidi olacaq. Ard-arda qazanılan müsbət nəticələrə baxmayaraq, arxayınlıqdan söhbət gedə bilməz. Rəqibin də bizim kimi iki qələbəsi var. Biz bu oyuna heç bir qələbəmiz yoxmuş kimi çıxacağıq”.
İdman direktoru Rumıniya təmsilçisinin kifayət qədər təcrübəli komanda olduğunu vurğulayıb: “Onlarda da ciddi hazırlıq prosesinin getdiyini müşahidə etmişik. Basketbolçularımızın əhvali-ruhiyyəsi yüksəkdir. Bütün gücümüzü ortaya qoyub, qalib olmaq üçün çalışacağıq”.
Qeyd edək ki, Şimali Makedoniyanın paytaxtı Skopyedəki “Kale Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.