SABİRABAD OLİMPİYA İDMAN KOMPLEKSİNİN TƏMƏLİ QOYULMUŞDUR
Oktyabrın 6-da Sabirabad şəhərində Olimpiya İdman Kompleksinin təməlinin qoyulması münasibətilə mərasim keçirilmişdir.
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir. Mərasimə toplaşmış inşaatçılar, idmançılar, şəhər sakinləri dövlətimizin başçısını səmimiyyətlə salamladılar.
2003-cü ildə prezident seçkiləri ərəfəsində Sabirabadda seçicilərlə görüşündə İlham Əliyev bu rayonda Olimpiya İdman Kompleksinin tikiləcəyini bildirmişdir. Kompleksin tikintisi üçün 10 hektar torpaq sahəsi ayrılaraq, layihə-smeta sənədləri hazırlanmışdır. Layihədə əsas korpusun, üzgüçülük hovuzunun, futbol, voleybol, basketbol meydançalarının, tennis kortlarının, 50 yerlik ikimərtəbəli mehmanxananın və hər biri dördnəfərlik olan 12 kottecin tikintisi nəzərdə tutulmuşdur. Tikintisində 300 nəfər çalışacaqdır. Respublikamızda sayca 14-cü olacaq bu kompleksin 2006-cı ildə istifadəyə verilməsi, 40 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılmışdır.
Prezident İlham Əliyev Olimpiya İdman Kompleksinin vaxtında hazır olması ilə bağlı tövsiyə və tapşırıqlarını verdi və dedi ki, kompleks elə tikilməlidir ki, gələcəkdə burada həm də beynəlxalq səviyyəli müxtəlif idman yarışlarının keçirilməsi mümkün olsun.
Dövlətimizin başçısı və xanımı rayonun doqquz yaşlı idmançıları Nazim Məlikov, Məmmədəli və Həzrətəli Bağırov qardaşları ilə səmimi görüşdülər, onları konfu do-karate üzrə Macarıstanda keçirilən Avropa çempionatında medal qazanmaları münasibətilə təbrik etdilər. Sabirabadda güclü idmançıların yetişdiyini vurğulayan Prezident İlham Əliyev kompleksin istifadəyə verilməsindən sonra burada gənclərin idmanla məşğul olması, beynəlxalq yarışlarda Azərbaycanın şərəfini ləyaqətlə qorumaları üçün hər cür şəraitin yaradılacağını bildirdi.
Gənc idmançılar dövlətimizin başçısına minnətdarlıq etdilər, onlara göstərilən etimadı doğruldacaqlarını söylədilər.
Prezident İlham Əliyev Sabirabad Olimpiya İdman Kompleksinin bünövrəsinə içərisində yazılı kağız olan gilizi atdı və ilk beton qarışığını tökdü.