Sabirabadda narkotik alveri ilə məşğul olan keçmiş məhkumlar saxlanılıb
Sabirabad, 12 may, Mahir Babayev, AZƏRTAC
Sabirabadda narkotik alveri ilə məşğul olan keçmiş məhkumlar saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhər sakini, 1983-cü il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunan Ramil Qənbərov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 80 qrama yaxın heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb. R.Qənbərov istintaq zamanı ilkin ifadəsində narkotik vasitəni Sabirabad şəhər sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunan Valeh Həsənovdan 1240 manata aldığını bildirib. V.Həsənov istintaqa ifadəsində narkotik vasitəni R.Qənbərova aldığı pulun müqabilində satdığını etiraf edib.
Faktla bağlı Sabirabad Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.