Sabirabadda polis əməkdaşları qanvermə aksiyasına qoşulublar
Bakı, 13 iyun, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən insanlar üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədilə qanvermə aksiyası Sabirabad rayonunda davam etdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon mərkəzi xəstəxanasında keçirilən qanvermə aksiyasında yerli idarə və təşkilatlarla yanaşı, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları da böyük həvəslə və könüllü olaraq bu nəcib və humanist xarakterli aksiyaya qoşulub, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün öz töhfələrini veriblər. Aksiya iştirakçıları həkim nəzarətindən keçdikdən sonra qan veriblər.
Toplanan qan laboratoriya müayinəsindən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.