SABUNÇU RAYON 14-CÜ POLİS BÖLMƏSİNİN İKİ ZABİTİ NARDARAN QƏSƏBƏSİNİN ƏRAZİSİNDƏ QƏTLƏ YETİRİLMİŞDİR
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, Bilgəh qəsəbəsində baş vermiş hadisə yerindən qayıdan həmin polis əməkdaşlarının olduğu avtomobil avtomat və tapança ilə silahlanmış Nardaran sakinləri - əvvəllər qəsdən sağlamlığa ağır zərərvurma cinayətinə görə dəfələrlə məhkum olunmuş Ramiz Həsənov, əvvəllər məhkum olunmuş Həsən Əzimov, İlham Quliyev və başqaları tərəfindən saxlanılmışdır. Onların dərhal açdığı atəş nəticəsində başından güllə yarası almış Rövşən Rəhimov hadisə yerində həlak olmuş, İlqar Ağayev isə ağır yaralanmışdır.
Hücum edənlərin davamlı atəşinə cavab olaraq polis leytenantı İlqar Ağayev xidməti silahdan istifadə etməklə Ramiz Həsənovu məhv etmiş, Həsən Əzimovu və İlham Quliyevi yaralamışdır.
Lakin aldığı güllə yarasından İlqar Ağayev özü də həlak olmuşdur.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Bakı Şəhər Baş Polis İdarəsinin və şəhər prokurorluğunun rəhbərliyi dərhal hadisə yerinə getmişlər.
Fakt üzrə Bakı Şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır.
Törədilmiş cinayətin bütün xüsusatlarının araşdırılması, cinayətin digər iştirakçılarının məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəkdir.