Saç tökülməsi və onun səbəbləri
Bakı, 15 may, AZƏRTAC
Saçlar gözəllik nişanəsi, sağlamlıq göstəricisi və güzgüsüdür. Yaz fəslində orqanizmdə mövsümi dəyişikliklərlə əlaqədar olaraq müəyyən problemlər yaranır və onlardan biri də saç tökülməsidir. Mövsümü saç tökülməsinin müxtəlif səbəbləri ola bilər.
Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova AZƏRTAC-a deyib: “Yaz mövsümündə saç tökülməsinin səbəbləri sırasında adətən qış mövsümündə keçirilən ağır respirator infeksion xəstəliklər və bunun nəticəsində immun sisteminin zəifləməsi və vitamin çatışmazlığı daha çox üstünlük təşkil edir. Günəş işığının azlığı ilə əlaqədar D vitamini və dəmir çatışmazlığı da saçların tökülməsinə səbəb ola bilər”.
Onun verdiyi məlumata görə, saç tökülməsinə həm daxili, həm də xarici müdaxilələr rol oynayır. Yazda saç tökülməsi qış mövsümündə keçirilən əməliyyat nəticəsində qan itkisi ilə üzləşəndən sonra da baş verə bilər. Tökülmənin səbəbini öyrənmək üçün əvvəlcə düzgün diaqnoz qoyulmalıdır. Müayinə zamanı dəmirin və digər hormonların səviyyəsi yoxlanılmalı və diaqnoza uyğun olaraq müalicə planı tərtib olunmalıdır. Lakin tez-tez boyanma, qaynar fenlə qurudulma, stress, anemiya və s. səbəblərdən də saçlar erkən yaşlardan tökülməyə başlaya bilər: “Ekoloji amillər, istifadə edilən məhsullar, qidalanma, həyat tərzi və s. səbəblər də buna təsir edir. Qadınlarda hamiləlik və südvermə dövründə həmin hal daha çox müşahidə olunur. Saçın tökülməsinə ən çox hormonal dəyişikliklər səbəb olur", - deyə mütəxəssis bildirib.
Sağlamlıqla əlaqədar problemlər, xarici müdaxilələrlə yanaşı saç tökülməsi həm də genetik faktorlara əsaslanır. Əslində gündə 100-150 ədəd saç telinin tökülməsi təbii hal sayılır. Orqanizm sağlamdırsa, tökülən saçların yerinə yeniləri gəlir. Seyrəlmə yoxdursa, saç bərpa olunursa, deməli, bu, fizioloji haldır və normal prosesdir.
Həkim-dermatoloq deyib: "Tərkibi sulfatsız, pH səviyyəsi normal olan şampunlar daha məqsədəuyğundur, çünki saç dərisinə, tük follikuluna daha az ziyan verir, qan dövranını və mikrofloranı pozmur. Əslində şampunun heç bir müalicəvi funksiyası yoxdur, sadəcə təmizləmə funksiyasını yerinə yetirir".
Şampunların dəriyə müxtəlif cür təsir göstərdiyini nəzərə alaraq seçim fərdi və saç tükünə uyğun olmalıdır. Başı tez-tez yumaq və qaynar sudan istifadə etmək də yanlışdır. Problemin dəqiq səbəbi bilinmədən və mütəxəssislə məsləhətləşmədən maskalar çəkilməsi də düzgün deyil, bunu etmədən baş dərisinə ziyan vermək, müxtəlif fəsadlarla üzləşmək ehtimalı çox yüksək olur.