“Sağlam cəmiyyət və sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda seminar-müşavirə keçirilib
Bakı, 30 noyabr, AZƏRTAC
“Sağlam cəmiyyət və sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda seminar-müşavirə keçirilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Seminar müşavirə Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə təşkil olunub.
Tədbirdən öncə rayon gənclərinin çəkdikləri rəsm işlərindən ibarət sərgi nümayiş etdirilib. Seminar müşavirənin keçirilməsində qarşıya qoyulmuş başlıca məqsədlər barədə iştirakçılara geniş məlumat verilib. Daha sonra mövzu ətrafında çıxış və diskussiyalar aparılıb.
Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası davam edir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya davamlı olaraq reallaşdırılır, yeni nəslin sağlam və milli və mənəvi ruhda tərbiyəsi üçün ardıcıl addımlar atılır. Eyni zamanda, tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə Yasamal rayonunda da uğurla aparılır. Rayonda müasir parklar salınıb, asudə mərkəzləri yaradılıb, yeni futbol meydançaları istifadəyə verilib, əhalinin məşğulluq problemi tədricən həll edilir.
Tədbirdə rayon ərazisində fəaliyyət göstərən ali məktəblərin tələbələri, orta məktəb şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim olunub.