“Sağlam məktəbli” layihəsi çərçivəsində görüşdə qida təhlükəsizliyi barədə məlumat verilib
Bakı, 29 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 162 nömrəli tam orta məktəbdə görüş təşkil olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iştirak edən 150-yə yaxın şagirdə qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat verilib.
Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Məktəblilərin yaşına və orqanizminin tələbatına uyğun qida seçilməlidir” və “Süd və süd məhsullarının orqanizmə təsiri” mövzularında təqdimatlar edilib. Eləcə də qida təhlükəsizliyi ilə bağlı problemlə qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri məktəblilərin diqqətinə çatdırılıb.
Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanılıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsi məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir.