MƏDƏNİYYƏT
Sahib Paşazadə: Pakistanda festivalda iştirakımız kifayət qədər məhsuldar oldu
Bakı, 11 oktyabr, AZƏRTAC
Pakistanın Kəraçi şəhərində ilk dəfə təşkil olunan Dünya Mədəniyyət Festivalında Azərbaycanı Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadə və BMM-in solisti, Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov təmsil ediblər.
Festivalla bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Sahib Paşazadə bildirib ki, “Art Council Pakistan”ın təşkilatçılığı ilə oktyabrın 30-dək davam edəcək festivalda 40 ölkədən 450-dən çox sənətçi çıxış edəcək. Festival çərçivəsində musiqi, teatr və rəqs tamaşaları, təsviri incəsənət nümayişləri, sənətin müxtəlif sahələrini əhatə edən panel müzakirələri və seminarlar təşkil olunur.
“Festivalda iştirakımız kifayət qədər məhsuldar oldu. Açılış günü zəngin proqram təqdim etdik. Kəraçidə yerləşən İncəsənət Universitetində Azərbaycan alətləri və musiqisi ilə bağlı ustad dərsi keçdik. Yüksək səviyyədə təşkil edilən festivalda Azərbaycan muğamı və musiqi alətlərimiz böyük sevgi və maraqla qarşılandı. Festivalın təşkilat komitəsi və musiqiçilər Azərbaycanın görkəmli muğam ifaçısı Alim Qasımovun sənəti haqqında bilgili olduqlarını diqqətə çatdırdılar. Biz, həmçinin Pakistanın görkəmli ifaçısı Nüsrət Fateh Ali Xanın məşhur “Qavvali” əsərini ifa etdik”.
Həmsöhbətimiz onu da bildirib ki, festivalın rəsmi internet səhifəsində azərbaycanlı musiqiçilərin çıxışları belə başlıqla təqdim olunub: “Dünya Mədəniyyət Festivalının təntənəli açılış gecəsində Azərbaycandan Sahib Paşazadə və Kamran Kərimov izdihamı öz ölkələrinin xalq musiqisi ilə riqqətə gətiriblər”.
Onun sözlərinə görə, ilk dəfə təşkil edilən festival “Sərhədsiz dünyanı yaşayın” devizi altında Pakistanda indiyə qədər keçirilən ən möhtəşəm qlobal bədii forum hesab olunur.
“Festival çərçivəsində Qərb klassik musiqisi, teatr sənəti üzrə seminarlar, “Ustad və müasir rəssamlar” sərgisində subkontinentdəki ən nadir sənət əsərlərinin nümayişi nəzərdə tutulub. Tədbirlərin açılış mərasimlərində Pakistanın dövlət rəsmiləri iştirak ediblər. Sənət bayramında ABŞ, Fransa, İspaniya, İtaliya, Ukrayna, ümumilikdə Avropa, Afrika, Asiya ölkələrinin əksəriyyətindən tanınmış sənət nümayəndələrinin iştirakı nəzərdə tutulub”,- deyə Əməkdar artist bildirib.