Sahibə Qafarova: Azərbaycan demokratiyanın səviyyəsinə görə heç bir ölkədən geri qalmır
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan demokratik, vətəndaş cəmiyyətinin inkişaf etdiyi, insan hüquq və azadlıqlarının təmin olunduğu, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların tam sərbəst şəkildə fəaliyyət göstərdiyi ölkələrdəndir. Tam məsuliyyətlə deyə bilərik ki, bu gün Azərbaycanda demokratiyanın səviyyəsi, insan hüquq və azadlıqlarının vəziyyəti heç bir ölkədən, o cümlədən Avropa dövlətlərindən geri qalmır.
Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun alt komitəsinin sədri, qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova Assambleyanın yay sessiyası çərçivəsində keçirilən “Media məsuliyyəti və müasir media mühitində etika” mövzusunda müzakirələrdə çıxışı zamanı deyib.
Mediada etik məsələlərin qorunması ilə bağlı müzakirələrin aparıldığı iclasda S.Qafarova bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığı çox möhkəm hüquqi baza və dövlətin iradəsi ilə tam qorunur, jurnalistlərə qarşı diskriminasiya hallarına yol verilmir. Azərbaycan dövlətinin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan medianın formalaşması və inkişafıdır. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edir: “Bu gün Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar. Yaradılan əlverişli mühitin nəticəsidir ki, bu gün Azərbaycanda 300-ə yaxın qəzet, 100-dən artıq jurnal, 50-dən çox televiziya və radio kanalı, 300-ə yaxın fəal internet resursu, 20-dən çox informasiya agentliyi, 20-yə yaxın mətbuat yayımı firması, onlarla jurnalist təşkilatı fəaliyyət göstərir. Bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan özünün demokratik yolla inkişaf məqsədinə sadiqdir və atılan addımlar, o cümlədən azad, müstəqil və güclü medianın formalaşmasına xidmət edən tədbirlər də məhz bu məqsədə xidmət edir”.
Mediada qadınların təmsilçiliyinin artırılması ilə bağlı görülən işlərin əhəmiyyətini vurğulayan S.Qafarova qeyd edib ki, demokratik bir ölkə olan Azərbaycanda da qadınların ictimai həyata daha çox inteqrasiya olunması, onlara geniş hüquqların verilməsi, bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarının təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialından səmərəli faydalanması kimi tədbirlər bu gün ölkəmizdə bu sahədə böyük nailiyyətlərin əldə olunmasına şərait yaradıb. Artıq Azərbaycan qadını həyatın bütün sahələrində uğurla təmsil olunur, dövlətçiliyimizin inkişafına, xalqımızın parlaq gələcəyinin təmin olunmasına əsaslı töhfələr verir: “Azərbaycan qadınlarının bu gün ən çox fəaliyyət göstərdiyi sahələrdən biri də mediadır. Hazırda Azərbaycanda ictimai fikrə təsir imkanlarına malik olan KİV-lərdə yüzlərlə qadın jurnalist fəaliyyət göstərir. Onların böyük əksəriyyəti öz fəaliyyəti ilə cəmiyyətin təqdir və dəstəyini qazanıb. Azərbaycan dövlətinin jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində inşa etdiyi binadan mənzil alan jurnalistlərin də böyük bir hissəsini qadınlar təşkil edir. Bəzi mətbuat orqanları və informasiya agentliklərinin, jurnalist təşkilatlarının rəhbərləri də məhz qadınlardır.
Sadalanan bütün bu faktlar isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti cəmiyyətimizdə demokratik norma və prinsiplərin möhkəm əsaslarla təşəkkül tapması və qorunması kontekstində qadınların ölkə həyatının bütün sahələrində, o cümlədən mediada fəaliyyətinə əlverişli zəmin yaradıb və bu da qadınlarımızın ölkə mediasının inkişafına əsaslı töhfələr verməsini şərtləndirir”.