İQTİSADİYYAT
Sahibkarların satış imkanları genişlənir
Bakı, 25 iyul, AZƏRTAC
Cari ilin birinci yarısında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 600-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektinin məhsul və xidmətlərinin 16 sərgi və yarmarkada nümayiş olunmasına və satışına təmənnasız olaraq dəstək göstərib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sərgi və yarmarkalarda iştirak edən sahibkarların 80 faizi mikro, 15 faizi kiçik, 5 faizi isə orta sahibkarlıq subyekti olub. KOB-lar sərgi və yarmarkalarda əsasən, sənaye, kənd təsərrüfatı, qida, tekstil, əl işləri və digər fəaliyyət sahələri üzrə məhsul və xidmətlərini təqdim ediblər.
Bu dövrdə mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrinə çıxışına dəstək məqsədilə KOBİA-ya 59 müraciət daxil olub. Müraciətlərin 30-u qida məhsulları, 27-si qeyri-qida məhsulları, 2-si isə digər kateqoriyaya aid məhsullarla bağlıdır.
Agentlik tərəfindən “Şərq bazarı” kompleksində və “Bolmart” marketdə müvafiq yer icarəyə götürülməklə mikro və kiçik sahibkarların məhsullarının satışına başlanılıb. Burada KOB subyektlərinin bal və arıçılıq məhsulları, un və un məmulatları, granola qida məhsulu, alkoqolsuz içkilər, alma sirkəsi, quru meyvələr, ədviyyatlar, əl işləri və digər məhsulları satılır.
KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək məqsədilə digər ticarət şəbəkələri ilə də işlər aparılır, eyni zamanda, bu dəstəkdən yararlanmaq istəyən mikro və kiçik sahibkarlardan müraciətlərin qəbulu davam edir.