CƏMİYYƏT
Sahibkarlarla görüşdə qida məhsullarının daşınması və çatdırılması tələbləri ilə bağlı izahatlar verilib

Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində ictimai iaşə müəssisələrinin nümayəndələri ilə “Qida məhsullarının daşınması və çatdırılması zamanı təhlükəsizliyə dair tələblər” mövzusunda növbəti görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qida məhsullarının daşınması və çatdırılması zamanı təhlükəsizliyi təmin edən və ilkin xüsusiyyətlərini qoruyan şəraitdə daşınmanın zəruriliyi, həmçinin bu fəaliyyətin qida təhlükəsizliyi sahəsində müəyyən olunmuş tələblərə uyğun şəkildə həyata keçirilməsi ilə bağlı məlumatlar diqqətə çatdırılıb.
İştirakçılara qida məhsullarının texniki normativ-hüquqi aktların tələblərinə uyğun xüsusi avadanlıqlarla daşınması, gigiyena qaydalarına riayət olunması, daşınma prosesində iştirak edən əməkdaşların sağlam olması və gigiyenik təlimlərə cəlb edilməsi ilə bağlı məlumatlar verilib. Qeyd edilib ki, qida məhsullarının daşınması və çatdırılması xüsusi olaraq nəzərdə tutulmuş, gigiyenik və temperatur rejimi tələblərini təmin edən vasitələrlə həyata keçirilməlidir.
Görüş zamanı ictimai iaşə müəssisələrinin qida məhsullarının daşınması və çatdırılması zamanı məsuliyyətli olmaları, yalnız qida təhlükəsizliyi qeydiyyatına alınmış daşıyıcı şirkətlərlə əməkdaşlıq etmələri, həmçinin qida məhsullarının hazırlanması zamanı qeydiyyatdan keçmiş obyektlərdə istehsal olunmuş qida xammalından istifadə olunması bir daha nəzərə çatdırılıb.
Görüşdə ictimai iaşə müəssisələrinin fəaliyyətini tənzimləyən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar barədə praktiki izahatlar verilib, iştirakçıların sualları cavablandırılıb.