İDMAN
Şahin Diniyev: De Byazinin millidəki taleyi İsveç və Belçika ilə oyunlardan asılı olacaq
![Şahin Diniyev: De Byazinin millidəki taleyi İsveç və Belçika ilə oyunlardan asılı olacaq](/files/2023/3/1200x630/17001266984134446641_1200x630.jpg)
Bakı, 16 noyabr, AZƏRTAC
“Millimiz bu gün güclü rəqiblə üz-üzə gələcək. Buna baxmayaraq, 5 komandalı qrupda üçüncü yeri tutmaq üçün şans yarada bilərik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Bakıda İsveç yığmasına qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.
57 yaşlı mütəxəssis bildirib ki, rəqib Avropanın ən öndə gedən kollektivlərindən biridir: “Bu baxımdan bizi çətin oyun gözləyir. Keyfiyyətli oyunçulardan təşkil olunan İsveç seçməsi reytinq cədvəlində də bizdən xeyli irəlidədir. Məlum məsələdir ki, rəqibin şansları bizdən daha çoxdur. Amma oyunçularımızda motivasiya yüksək olarsa, yaxşı nəticə əldə edə bilərlər. Bununla da üçüncülük şanslarımızı artıra bilərik. Bizim üçün çox çətin olacaq. Ancaq evdə Belçika və Avstriyaya qarşı göstərdiyimiz oyun bugünkü qarşılaşmanın yaxşı nəticələnəcəyinə dair ümidləri artırır”.
Ş. Diniyev yığmanın Belçika ilə keçirəcəyi səfər matçındakı şanslarını da dəyərləndirib: “Belçika yığması kifayət qədər çətin rəqibdir. Bakıdakı görüşdə bu komandaya yaxşı müqavimət göstərdik. Qapımızdan yalnız bir qol buraxdıq. Ümid edirəm ki, səfərdəki matç daha yaxşı nəticə ilə yekunlaşacaq. Buna görə azarkeşlərin millimizə dəstəyi olduqca vacibdir”.
O, millinin baş məşqçisi Canni De Byazinin taleyinin seçmə mərhələdəki son iki oyunun nəticəsindən asılı olduğunu vurğulayıb: “Əgər İsveç və Belçika ilə matçlar qalibiyyətlə nəticələnərsə, ehtimal var ki, müqavilənin müddəti uzadılsın. Bu oyunlar italiyalı mütəxəssisin yığmamızdakı gələcəyinə təsir edəcək son görüşlərdir”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da başlayacaq. Milli seçmə mərhələdə sonuncu matçını isə noyabrın 19-da səfərdə Belçikaya qarşı keçirəcək.