“Şahin” hərbi-idman oyununun Balakən rayon turunda Qazma kənd məktəbinin komandası qalib gəlib
Balakən, 4 aprel, Mustafa Dadaşov, AZƏRTAC
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin aprelin 4-də Balakəndə keçirilən rayon turunun yarışları Qazma kənd 1 saylı tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Sarıbulaq kənd tam orta məktəbin idman meydançasında keçirilən rayon birinciliyinin final yarışında zona seçim turlarında fərqlənən 6 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
İdarədən bildiriblər ki, Gənclər və İdman, Təhsil və Müdafiə nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışlar yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədi daşıyır. Rayon birinciliyinin zona seçim turlarında, ümumilikdə, 30 komanda iştirak edib.
Birinciliyin final mərhələsində əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra məktəblilər turnikdə dartınma, maneələrin dəf olunması, kəndir vasitəsilə yüksəkliyə dırmanma, mülki-müdafiə hazırlığı, yaralıya ilkin tibbi yardımın göstərilməsi və digər yarışlarda qüvvələrini sınayıblar.
Rayon birinciliyinin qalibi olan Qazma kənd tam orta məktəbin komandası, eyni zamanda, yarışların zona mərhələsində iştirak etmək hüququ qazanıb. Sonrakı yerləri Katex və Tülü kəndlərindəki 1 saylı tam orta məktəblərin komandaları tutublar.
Rayon birinciliyinin qalibləri diplomlarla mükafatlandırılıblar.