REGİONLAR
Salyanın Marışlı kəndinə təbii qaz verilib VİDEO
Salyan, 19 dekabr, Mahir Babayev, AZƏRTAC
Salyanın qəsəbə və kəndlərinin qazla təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələr uğurla icra olunur.
AZƏRTAC xəbər verir ki, indiyədək rayonun 48 yaşayış məntəqəsindən 41-i qazlaşdırılıb və 22 min 900 abonent “mavi yanacaq”dan istifadə edir.
Qazlaşdırılan kəndlərin sırasına 2300 nəfər əhalinin yaşadığı Marışlı kəndi də əlavə olunub. 468 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 36 min 990 metr uzunluqda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Evlərə 468 sayğac və bir o qədər də fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov sakinləri təbrik edib, rayonda bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, ilin əvvəlindən bəri rayonunun yeddi kəndinə “mavi yanacaq” verilib. Hazırda daha bir yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir.
Kənd sakinləri onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonda rəmzi məşəl yandırılıb, evlərə “mavi yanacağ”ın verilməsinə baxış keçirilib.