Şamaxıda fəal gənclər mükafatlandırılıb
Şamaxı, 2 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxıda Gənclər Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdən öncə Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov gəncləri təbrik edərək, ölkəmizin ictimai-siyasi həyatında gənclərin fəaliyyətindən söz açıb. O, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında gənclərimizin göstərdiyi qəhrəmanlığı xüsusi vurğulayaraq, ölkəmizin inkişafında gənclərimizin rolundan və bu istiqamətdə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.
YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Regional İnkişaf İctimai Birliyinin Dağlıq Şirvan bölməsinin rəhbəri Nərgiz Qurbanova və başqaları Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün ölkə rəhbərliyi tərəfindən uğurla icra olunmasından bəhs ediblər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup gənc fəxri fərman və təşəkkürnamə ilə təltif olunub.
Sonda gənclərin rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.