AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şamaxıda XIX əsr maarifçilik hərəkatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin anadan olmasının 170 illiyinə həsr edilmiş geniş tədbir keçirilmişdir. Bakıdan, ayrı-ayrı bölgələrdən, İrandan gəlmiş görkəmli elm və sənət xadimlərinin qatıldığı tədbirdə böyük sənətkarın həyat və yaradıcılığının zəngin və çoxşaxəli məqamlarından ətraflı danışılmışdır. Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Natiq Məmmədov, filologiya elmləri doktoru Seyfəddin Qəniyev, tarix elmləri doktoru, professor Şahin Fazil, şair-publisist İsgəndər Etibar və başqaları S.Ə.Şirvaninin maarifçi, realist şeirin dəyərli nümunələrini yaratmaqla, Azərbaycan ədəbiyyatına misilsiz xidmətlərindən bəhs etmişlər. Böyük sənətkarın gözəlliyi və saf məhəbbəti tərənnüm edən lirikası, cəhalətə qarşı çevrilmiş kəskin satiraları, vətənpərvərlik, xalqlar arasında dostluq, insana məhəbbət, xeyirxahlıq, sədaqət kimi bəşəri hissləri təbliğ edən öyüd və nəsihətləri, hikmətamiz hekayətləri və təmsilləri Azərbaycan bədii təfəkkürünün tarixində özünəxas mərhələ təşkil edir.
İranlı qonaq ağayi Xosrov S.Ə.Şirvaninin şeirlərindəki fəlsəfi fikirlərin bəşəri dəyərlərindən danışmış, axırda şairin Təbrizdə nəfis şəkildə çap olunmuş divanını hədiyyə etmişdir.
Əsil poeziya və musiqi bayramına çevrilmiş tədbirdə Canəli Əkbərovun, Mələkxanım Eyyubovanın, Bəsti Sevdiyevanın, Zabit Nəbizadənin şairin qəzəlləri əsasında oxuduqları muğamlar dinləyicilərdə unudulmaz təəssürat yaratmışdır.