Şamaxıda torpaqların elektron kadastr uçotu işlərinə başlanılıb
Bakı, 16 may, AZƏRTAC
Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı işlər davam etdirilir. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən daha bir rayonda - Şamaxıda bu istiqamətdə işlərə başlanılıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar mayın 16-da Şamaxıda keçirilən tədbirdə görüləcək işlərin mahiyyəti və nəticələri izah olunub. Tədbirdə komitənin, rayon icra hakimiyyətinin, bələdiyyələrin, aidiyyəti dövlət qurumlarının nümayəndələri, torpaq və daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri iştirak ediblər.
Komitənin nümayəndələri təqdimatla çıxış ediblər. Bildirilib ki, bu işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 7 mart tarixli müvafiq Fərmanına əsasən həyata keçirilir. Şamaxıda Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin qurulması ilə bağlı həyata keçiriləcək işlərin mahiyyəti, müddəti, vətəndaşlara izah olunub. Eyni zamanda, rayonun əlaqədar qurumları ilə birgə qarşılıqlı əməkdaşlığın iş prinsipi müəyyən edilib.
Bildirilib ki, rayonda torpaqların təyinatı, istifadə növü üzrə dəqiq kadastr uçotunun aparılması nəticəsində reallığı əks etdirən xəritələrə və aktual elektron kadastr məlumat bazasına nail olunacaq. Bu da mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, bələdiyyələrə “Harada, nə qədər, hansı keyfiyyətdə torpaq var?” sualına dəqiq cavab tapmaq imkanını verəcək.
Həmçinin qeyd edilib ki, bu sistemin yaradılması ilə torpaqların islahat sənədlərindəki məkan göstəriciləri və faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq, torpaqla bağlı sənədləşmə işlərindəki problemlər öz müsbət həllini tapacaq.
Torpaq üzərində dövlət nəzarətinin həyata keçirilməsi bu sistem əsasında aparılacaq. Görülən işlər zamanı rayon üzrə torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri müəyyənləşəcək. Bununla da torpaqların elmi əsaslarla idarə edilməsi imkanları genişlənəcək.
Tədbirdə rayonda aparılacaq kadastr uçotu işinin təşkilati məsələləri müzakirə edilib.