CƏMİYYƏT
Samuxda şəhidlərin anım mərasimləri keçirilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Bu gün Samux rayonunda ötən ay Qarabağda aparılan antiterror tədbirlərində şəhid olan hərbçilər - rayonun Lək kənd sakini Sənan Fərman oğlu Qasımov, Bağbanlar kənd sakini Həsən Zabit oğlu Həsənovun qırx mərasimləri, eləcə də 44 günlük Vətən müharibəsinin şəhidi Pərviz Tufan oğlu Rüstəmovun şəhadətinin ildönümü keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimlərdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
Keçirilən tədbir zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub, şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidlərin keçdikləri döyüş yolundan, qəhrəmanlıqlarından bəhs edilib, Azərbaycan Ordusunun Qarabağdakı antiterror tədbirlərində qazandığı uğurlardan, ərazi bütövlüyümüzün təmin edilməsindən danışılıb.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev qürur yerimiz olan şəhidləri xalqımızın heç zaman unutmayacağını, onların xatirəsinin əbədi olaraq qəlblərdə yaşayacağını bildirib.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror tədbirlərində həlak olan mayor Qasımov Sənan Fərman oğlu 1991-ci il martın 7-də Samux rayonunun Lək kəndində anadan olub. Sentyabrın 21-də Samux rayon Lək kənd qəbiristanlığında dəfn edilib. Özündən yadigar üç oğul övladı qalıb.
Qarabağdakı lokal xarakterli antiterror tədbirləri zamanı həlak olan gizir Həsənov Həsən Zabit oğlu 1995-ci il martın 8-də Samux rayonunun Bağbanlar kəndində anadan olub. Sentyabrın 21-də Gəncə şəhər İmamzadə Kompleksində dəfn edilib. Subay idi.
Vətən müharibəsi şəhidi Rüstəmov Pərviz Tufan oğlu 1992-ci il mayın 6-da Samux şəhərində anadan olub, 2020-ci il oktyabrın 15-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2020-ci il oktyabrın 30-da Samux şəhərində dəfn edilib. Subay idi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Pərviz Rüstəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.