SİYASƏT
Sankt-Peterburqda MDB Parlamentlərarası Gənclər Assambleyasının ikinci iclası keçirilir
![Sankt-Peterburqda MDB Parlamentlərarası Gənclər Assambleyasının ikinci iclası keçirilir](/files/2013/3/1200x630/14071451626318612086_1200x630.jpeg)
Moskva, 28 noyabr (AZƏRTAC). Sankt-Peterburqda (Rusiya) MDB Parlamentlərarası Gənclər Assambleyasının ikinci iclası açılmışdır.
Gənc deputatların, gənclər parlamentlərinin nümayəndələrinin, gənclər təşkilatlarının liderlərinin iştirak etdiyi iclasda Azərbaycanı MDB Parlamentlərarası Gənclər Assambleyasının əlaqələndiricisi, Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Sevinc Fətəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov, Rusiya Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü Emin Hacıyev, “İrəli” İctimai Birliyinin nəzarət-təftiş komissiyasının sədri Xaqani Fərəcov daxildirlər.
İclasda, həmçinin Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Moldova, Tacikistan və Ukraynadan gənc liderlər iştirak edirlər.
Tədbirin birinci günü aqrar siyasət, təbii ehtiyatlar və ekologiya, habelə hüquq məsələləri komissiyalarının iclasları keçirilmişdir.
Gənc parlament üzvləri təcrübə mübadiləsi aparmış, MDB ölkələrində gənclər siyasəti sahəsində qanunvericilik təşəbbüslərindən danışmışlar. Bundan əlavə, gənclərin hüquq və maraqlarını əks etdirən qanunvericilik modelinin təkmilləşdirilməsinə dair təklif və tövsiyələr irəli sürülmüşdür.
İclas iştirakçıları Sankt-Peterburqun tarixi yerlərini gəzmiş, Sankt-Peterburq Akademik Teatrında “Müfəttiş” tamaşasına baxmışlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva