Sankt-Peterburqda “Xocalıya ədalət” konfransı keçirilmişdir
Moskva, 25 fevral (AZƏRTAC). Fevralın 24-də Sankt-Peterburqda “Korintiya Nevski Palas” otelində “Xocalıya ədalət” konfransı keçirilmişdir.
Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğu, habelə Sankt-Peterburq Azərbaycanlılarının (ictimai təşkilatları) Ümumrusiya Azərbaycanlıları Konqresinin regional şöbəsi, “Naxçıvan” Azərbaycanlıların Dostları Milli-Mədəni Birliyi, RAGB-nin regional şöbəsi, “Vətən” ictimai təşkilatı və Sankt-Peterburqun Azərbaycanlı Biznesmenlər və İnvestorlar Assosiasiyası olmuşlar.
Konfransdan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra “Erməni faşizmi” sənədli filmi nümayiş etdirilmişdir.
Konfransda Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, kulturologiya doktoru, Rusiya Yazıçılar İttifaqının üzvü, RTEA-nın akademiki, “Qarabağ gündəliyi” kitabının müəllifi, 1992-ci ilin dəhşətli hadisələrinin şahidi olmuş Yuri Pompeyev çıxış etmişdir. O demişdir ki, bu gün Xocalı hadisələrinə düzgün və ədalətli qiymət vermək lazımdır.
Ədliyyə general-mayoru Lyudmila Kuleşova qeyd etmişdir ki, müasir dünyada belə ağır cinayətlərin törədilməsi mənəvi dəyərlərə ziddir.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Xocalı faciəsinin dünya birliyi tərəfindən tanınması sahəsində ölkəmizin uğurları barədə iştirakçıları məlumatlandırmışdır. O, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının böyük rolunu və əhəmiyyətini xüsusilə vurğulamışdır.
Qüdsi Osmanov, həmçinin Azərbaycanın bugünkü dinamik inkişafından söhbət açmışdır. O, qeyd etmişdir ki, xaricdə yaşayan azərbaycanlılar güclü Azərbaycanın dəstəyi ilə xüsusən internet məkanında Azərbaycan gerçəkliklərinin dünya birliyinə çatdırılması sahəsində böyük təbliğat işi aparır, bununla da erməni təcavüzünün əsl üzünü açıb göstərirlər.
“Vətən” ictimai təşkilatının rəhbəri Məzahir Həsənov Azərbaycan gənclərini Azərbaycan gerçəkliklərinin Rusiya cəmiyyətində təbliği işində daha fəal iştirak etməyə çağırmış, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizin tezliklə azad ediləcəyinə əmin olduğunu bildirmişdir.
Şimal paytaxtda Azərbaycanın regional ictimai təşkilatlarının rəhbərləri İdris Qəhrəmanov, Heydər İmanov, habelə Azərbaycan diasporunun hörmətli nümayəndələri öz çıxışlarında Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayətləri pisləmiş və dünyanın Azərbaycan diasporunun bütün qüvvələrini və potensialını Xocalı soyqırımının müxtəlif ölkələrin parlamentləri tərəfindən tanınmasına yönəltməyə çağırmışlar.
Otelin hollunda Xocalı faciəsinə həsr edilmiş fotosərgi təşkil olunmuşdur.
Tədbirdə təqribən 700 adam, o cümlədən Azərbaycan diasporunun Sankt-Peterburqdakı fəalları, Azərbaycan gəncləri, şəhərin milli diasporlarının rəhbərləri, habelə Rusiya ictimaiyyətinin və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva