DÜNYA
SAXTA PUL KƏSƏNLƏR ƏN YENİ TEXNİKADAN İSTİFADƏ EDİRLƏR
ABŞ-ın əskinaslarını saxtalaşdırmadan qorumaq üçün cürbəcür üsullardan istifadə edən dövlət mütəxəssislərinin bütün səylərinə baxmayaraq, dünyada saxta dollarların sayı azalmaq bilmir.
ABŞ məxfi xidmət orqanlarının bu problemlə məşğul olan xüsusi şöbəsinin işi haqqında bu günlərdə reportaj hazırlamış Ey-bi-si teleşirkəti iddia edir ki, indi saxta pul düzəltmək əvvəllərdəkindən asandır. Bu şöbənin əməkdaşının sözlərinə görə, əgər əvvəllər yalnız fotoqrafiya sənətinə, qrafikanın incəliklərinə yaxşı bələd olan, lazımi rəngləri və çalarları tapa bilən, həqiqətən, istedadlı adam saxta pul kəsirdisə, indi hər bir yeniyetmə öz evində kompüter arxasında oturub dollar çap edə bilər.
Saxta dollarlar istehsalı üçün ən yeni kompüter texnologiyasını tətbiq etmək imkanları ABŞ-da astronomik sürətlə mənimsənilir. İTAR-TASS-ın məlumatına görə, 1995-ci ildə ölkədə saxta pul kəsən 37 şəxs həbs olunduğu halda, ötən il onların sayı 4500 nəfərə çatmışdır. Hakimiyyət orqanları hər il cinayətkarlardan 47 milyon dollardan artıq saxta pul müsadirə edir və tədavüldən çıxarırlar. Bu pulların təxminən 40 faizi “kompüter” əskinaslarıdır.
1996-cı ildən dollarların xarici görünüşü bir qədər dəyişmiş, onların müdafiə dərəcəsi isə artmışdır. Yaxın vaxtlarda daha bir yenilik gözlənilir - əskinasların rəng qamması bir qədər dəyişiləcəkdir. Lakin bu, təkcə əskinasın bir üzünə aiddir, onun digər üzü isə əvvəlki kimi yaşıl rəngdə olacaqdır. Bütün bunlar həm saxta pul kəsmək ustalarının, həm də kompüterdən, rəngli kseroksdan, skanerdən və printerdən istifadə edənlərin işini çətinləşdirmək üçün edilir.
Bəs “kompüter” dollarını əsl dollardan necə ayırmaq olar? Ey-bi-si bunun çox sadə olduğunu bildirir və hər bir sayıq amerikalıya artıq məlum olan həqiqətləri xatırladır. Məsələn, tutaq ki, əsl 100 dollarlıq əskinasa baxsaq, surətini hələlik heç bir kompüterdə çıxarmaq mümkün olmayan əlamətlər görərik. Əvvəla, Bencamin Franklinin siması şəklində olan su nişanı; ikincisi, əskinasın ortasında Franklinin portreti üzərində xüsusi üsulla çəkilmiş çox nazik xəttlər; üçüncüsü, yalnız işıqda görünən əskinasın ortasından keçən USA 100 işarəli zolaq. Bundan başqa, əskinasın aşağı sağ küncündəki 100 rəqəmi müxtəlif künclərdən baxdıqda rəngini yaşıldan qaraya dəyişir.